Rəşad Həsənov: “ABŞ dollarının qlobal bazarda müəyyən dərəcədə dəyərsizləşməsi investorların avroya yatırımlar etməsinin həcmini artırıb”
Qlobal bazarda əsas valyuta cütlüyü sayılan USD/EUR-un məzənnəsi son günlər yüksəlməkdə davam edir. Azərbaycanda avronun rəsmi məzənnəsi tarixi rekord həddə çatıb və 2,0761 AZN/EUR təşkil edib.
Qeyd edək ki, 2015-ci il fevralın 21-də Azərbaycanda baş verən milli valyutanın ilk devalvasiyasından sonra avronun rəsmi məzənnəsinin maksimal göstəricisi 2017-ci il fevralın 1-də (2,0719 AZN/EUR) qeydə alınıb. İlk devalvasiyadan indiyədək ən minimal məzənnə isə 2015-ci il martın 16-da (1,1019 AZN/EUR) olub. Hazırda avronun məzənnəsi maksimal həddən 0,2% yuxarıdır.
Avronun məzənnəsinin yüksəlməsi səbəblərini öyrənmək məqsədilə ekspertə müraciət etdik.
İqtisadçı-ekspert Rəşad Həsənov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, 2018-ci ildə avronun bahalaşacağı ilə bağlı proqnozlar yüksək qiymətləndirilir: “Beynəlxalq maliyyə institutları və investisiya şirkətləri də bu ilin birinci yarısında avronun möhkəmlənəcəyi proqnozunu irəli sürüblər. Təxminən, ilin birinci yarısında avronun daha da bahalaşacağını iddia edirlər”.
Həmsöhbətimizin sözlərinə görə, ABŞ dollarının qlobal bazarda müəyyən dərəcədə dəyərsizləşməsi investorların avroya yatırımlar etməsinin həcmini artırıb. Bu hal da avronun məzənnəsinin yüksəlməsini şərtləndirən faktorlardan biridir: “Nəzərə almaq lazımdır ki, Avropa Mərkəzi Bankı 2018-ci ildə pul kütləsinin həcminin azaldılması və uçot dərəcəsinin artırılması istiqamətində addımlar atacağı ilə bağlı pul siyasətini açıqlayıb. İnvestorlar hazırda öz mövqelərini bu istiqamətdə hazırlayırlar. İnvestorlar, demək olar ki, bazarlarda müəyyən alış sisteminə keçiblər. Bu isə qiymətin artmasını şərtləndirən əsas səbəblərdən biridir. Qlobal bazarlarda ABŞ dolları ilə müqayisədə avronun möhkəmlənməsi çarpaz məzənnə siyasətini həyata keçirən ölkəmizdə də avronun manata qarşı möhkəmlənməsini şərtləndirir. Çünki Azərbaycanda avro və digər xarici valyutaların məzənnəsi dollar üzərində formalaşıb. Belə bir şəraitdə də ABŞ dollarının digər valyutalara qarşı məzənnəsinin aşağı düşməsi son nəticədə Azərbaycan valyutasının da dəyərsizləşməsini şərtləndirir”.
Günel CƏLİLOVA