İran Azərbaycana kənd təsərrüfatı məhsullarının birgə istehsalına başlamağı və üçüncü ölkələrə ixrac etməyi təklif edib. Trend-in məlumatına görə, bunu İranın kənd təsərrüfatı naziri Mahmud Höccəti Bakıda keçirilən Azərbaycan-İran biznes-forumunda deyib.
Onun sözlərinə görə, ölkələr kənd təsərrüfatı üzrə birgə müəssisələr yarada və birgə investisiya layihələri reallaşdıra bilər: "Azərbaycan və İran kənd təsərrüfatı məhsullarından birgə istifadə edə və üçüncü ölkələrə ixrac edilə biləcək məhsul istehsal edə bilər. Bundan başqa, Azərbaycan əkin sahələrini iranlı fermerlərə uzunmüddətli icarəyə verə bilər".
Nazir qeyd edib ki, Azərbaycan idxal etdiyi bəzi məhsulların eynisini İran mənşəli məhsullarla əvəz edə bilər. İran da digər ölkələrdən idxal etdiyi məhsulları Azərbaycandan ala bilər.
İran daha sıx ikitərəfli əməkdaşlıq üçün Azərbaycana birgə bank və pul-kredit komissiyası yaratmağı təklif edib. Bunu isə İran Mərkəzi Bankının sədri Vəliyullah Seyf Tehranda azərbaycanlı həmkarı Elman Rüstəmovla görüşdə deyib.
V.Seyf Azərbaycanda İran banklarının, İranda isə Azərbaycan banklarının filiallarının açılmasını təklif edib.
Öz növbəsində, E.Rüstəmov birgə hesabların açılması ideyasını dəstəkləyib, lakin bunu Azərbaycan Beynəlxalq Bankı vasitəsilə etməyi təklif edib.
Onun sözlərinə görə, birgə bankın yaradılması iki ölkə arasında bank sahəsində əlaqələri də gücləndirəcək.