Kommunal xidmətlərin özəlləşməsi insanlar üçün hansı fəlakətlər gətirə bilər...

Əli Əlirzayev: “Ölkə kommunal sektorun özəlləşdirilməsinə hazır deyil”

img

Son vaxtlar bəzi ekspertlər kommunal sektorda xidmət göstərən dövlət müəssisələrinin özəlləşdirilməsini yenidən gündəmə gətirir. Bunu onunla əsaslandıırırlar ki, hazırda kommunal sektorda xidmət göstətən dövlət müəssisələrinə büdcədən əvvəlki kimi çox böyük vəsaitlər verilir. Buna baxmayaraq, bu sahədə problemlər həll olunmur. O üzdən davamlı olaraq dövlət bu sahələri maliyyələşdirə bilməz.

Hesab edilir ki, onlar artıq özünümaliyyələşdirmə, özünüidarəetmə və özünüinkişaf prosesinə keçməlidir. Qeyd edək ki, kommunal xidmətlərə içməli su, tullantı suları, enerji, qaz, mənzil haqqı, lift, zibil pulu daxildir. İddia olunur ki, bu istiqamətlərdə özəlləşdirmə nəticəsində rəqabətin yaradılması və özünümaliyyələşdirmə sisteminə keçid təmin ediləcək. Eləcə də, rəqabətin yaradılması qiymətlərin artmamasına və xidmətlərin keyfiyyətinin yüksəlməsinə imkan verəcək və s.

Maraqlıdır, Azərbaycan indiki şəraitdə kommunan xidmət sahələrini özəlləşdirməyə hazırdırmı? Bu sahələrin özəlləşdirilməsi cəmiyyətə ziyan, yoxsa fayda gətirıcək?

  • “Buna gedilsə, o zaman bu ciddi fəsadlara gətirib çıxara bilər”

Məsələyə münasibət bildirən iqtisadçı alim, professor Əli Əlirzayevin fikrincə, Azərbaycanda kommunal sektorun özəlləşdirilməsi hələ tezdir: “Ölkə kommunal sektorun özəlləşdirilməsinə hazır deyil. Buna gedilsə, o zaman bu ciddi fəsadlara gətirib çıxara bilər. Ölkədə qaz, su, işıq dövlətin əlindədir. Məsələnin sosial tərəfi var. Söhbət ondan gedir ki, elə xərclər var, onu dövlət ödəməlidir. Özəl sektora həvalə edilsə, onlar bu xərcləri ödəməzlər. Qaz, su, işığın qiyməti müəyyən mənada dövlət tərəfindən tənzimlənməlidir. Düzdür, rəqabət mühütü lazımdır. Dövlət bütün xərcləri öz üzərinə götürə bilməz. Ancaq bunun üçün əlverişli zəmin olmalıdır. Ona görə də birdən-birə bu sektorda özəlləşməyə getmək olmaz. Bu, qiymətlərin kəskin bahalaşmasına gətirib çıxara bilər. Dövlət və özəl sektorda rəqabət mühiti yaratmaqla yavaş-yavaş buna getmək olar. Yoxsa birbaşa özəlləşməyə getmək olmaz. Zatən müstəqillikdən üzübəri özəlləşmənin nəticələrini biz görmüşük. Elə sahələr var ki, özəlləşdirilsə də inkişaf etmədi. Ona görə də əhalinin güzəranı, rifahı, ayrı-ayrı təbəqələrin ödəmə qabiliyyəti nəzərə alınmalıdır. Optimal bir nisbət tapılmalı və mərhələli şəkildə buna getmək lazımdır”.

Professor hesab edir ki, buna hələ tam zəmin yaranmayıb.

Vidadi ORDAHALLI

Son xəbərlər