Məlum olduğu kimi, son aylar Türkiyədə milli valyuta kəskin şəkildə ucuzlaşaraq dəyər itirir. Ölkədə inflyasiyanın qarşısını almaq üçün hökumət bir sıra addımlar atsa da, mövcud vəziyyət dəyişməz olaraq qalır.
Türkiyədə lirənin ucuzlaşması həmin ölkədən alış-veriş edən ayrı-ayrı şəxslər, biznesmenlər üçün fürsətdir. Hazırkı şəraitdə biznesmenlər həmin ölkədə məhsulu daha ucuz qiymətə alırlar. Adıçəkilən ölkədə lirənin dəyər itirməsi Türkiyədən Azərbaycana idxal edilən məhsulun həcminin artmasına səbəb olub. Ancaq onu da qeyd etmək lazımdır ki, Türkiyədən ucuz qiymətə alınan geyim və digər əşyalar Azərbaycanda yüksək qiymətə satılır. Məlumatlara görə, Türkiyədən 10 manata alınan geyim Azərbaycanda 40-50 manata satılır.
Maraqlıdır, Türkiyədən idxal olunan geyim niyə Azərbaycanda baha satılır?
“Türk geyim mallarının mənşə ölkə ilə müqayisədə Azərbaycanda bir neçə dəfə baha satılması sahibkarlarla bağlı məsələ deyil”
İqtisadçı ekspert Ruslan Atakişiyev bizimlə söhbətində qeyd etdi ki, Türkiyə istehsalı olan məhsul xarici ölkələrə ixrac olunan zaman ödəniş lirə ilə deyil, dollarla həyata keçirilir: “Türk lirəsi nə qədər düşübsə, həmin nisbətdə də məhsullar bahalaşır. Onlar da öz satışlarını dollar və yaxud avroya nisbətdə həyata keçirmək istəyirlər.
Ümumiyyətlə, türk geyim mallarının mənşə ölkə ilə müqayisədə Azərbaycanda bir neçə dəfə baha satılması sahibkarlarla bağlı məsələ deyil. Belə ki, idxalçılar aldıqları hər məhsulu gömrükdə rəsmiləşdirərkən qiymət bazara uyğun olaraq qiymətləndirilib rüsum alınır. Bu hal da Türkiyədən idxal olunan geyimin satış qiymətinə təsir göstərir”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, qiymətlər yüksəldikdə vətəndaşlarda narazılıq artır, qiymətlərin yüksək olması ilə bağlı şikayətlər olur.
Günel CƏLİLOVA