Məlum olduğu kimi, Azərbaycanda pomidor istehsal edən fermerlər mövsümün əvvəllərindən bəri məhsullarını xarici bazarlara çıxarmaqda çətinlik çəkir. Fermerlər bildirir ki, istehsal etdikləri məhsulu xarici bazara çıxara bilmədikləri üçün pomidor məhv olur. Çarəsiz qalan fermerlər məhsulu yerli bazarda qəpik-quruşa satırlar.
Fermerlər bildirir ki, hazırda Bakı bazarlarında 50-70 qəpiyə satılan pomidoru yerlərdə 5-10 qəpikdən təklif edirlər. Halbuki, məhsulu istixana şəraitində yetişdirmək onlara hər kiloqramına görə 1 manat-1 manat 20 qəpiyə başa gəlib: “Hazırda tonlarla məhsul yığılıb qalıb, amma gün ərzində 50-60 kilo pomidoru güclə sata bilirik. Fermerlər müflislik həddindədir. Qazdan istifadə olunub, banklardan kreditlər götürülüb, ayrı-ayrı sahibkarlardan borca gübrə, dərman alınıb. Çıxılmaz vəziyyətdəyik”.
Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycandan 42 milyon 271 min dollar dəyərində 36 min 674 ton pomidor ixrac olunub. Pomidor ixracı ötən ilin ilk 4 ayı ilə müqayisədə 42 faiz azalıb.
Maraqlıdır, ziyanla üzləşən fermerlərə dövlət tərəfindən necə dəstək göstərilə bilər?
“Bu il ziyana düşmüş fermerlərə dəstək olunmasa, onların gələn il üçün məhsul əkməyə imkanı olmayacaq...”
İqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, hazırda pomidor ixracatçılarının hökumət nümayəndələri ilə görüşməsinə ehtiyac var: “Şəmkir və Gəncə ətrafı rayonlarda pomidor istehsalı ilə məşğul olan fermerlər bu il böyük ziyana düşüblər. Fermerlərin ziyana düşməsinin səbəbi onlar deyil. Məlumdur ki, Rusiya ilə Azərbaycan arasında sərhədlərdə problemlərin yaşanması pomidor ixracatına çox ciddi zərbə vurdu. Nəticə etibarı ilə məhsul fermerlərin əlində qaldı. Onu da qeyd edim ki, vaxtilə fermerlərə dəstək olmaq üçün onlara müəyyən köməklik göstəriləcəyi qeyd olunurdu. Ancaq “tarladan süfrəyə” prinsipi həyata keçirilmədi”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, ziyanla üzləşən fermerlərə dövlət tərəfindən köməklik göstərilməlidir: “Bununla bağlı qanunda hər hansı bir qeyd olmasa da, real təcrübəyə əsaslanaraq təşviq proqramları həyata keçirilməlidir. Fermerlərə dəstək olmaq məqsədilə onlara faizsiz kredit verilə bilər, subsudiya da ayrıla bilər. Onu da qeyd edim ki, bu il ziyana düşmüş fermerlərə dəstək olunmasa, onların gələn il üçün məhsul əkməyə imkanı olmayacaq. Belə olan halda gələn il bazarda qıtlıq yaşana bilər. Bu da həm bahalaşmaya səbəb olar, həm də iqtisadiyyata mənfi təsir edər”.
Günel CƏLİLOVA