Beynəlxalq agentlikdən Azərbaycanda işsizliklə bağlı maraqlı proqnoz - yaxın 3 ildə 5 faiz də düşəcək…

Kamran Məmmədli: “Ölkədə aparılan iqtisadi islahatlar gələcəkdə açılacaq iş yerlərinin sayının artmasına səbəb olacaq”

img

Yaxın 3 ildə Azərbaycanda işsizlik səviyyəsi 5 faiz aşağı düşəcək. 2021-ci ildə isə Azərbaycanda işsizlik səviyyəsi 5,7 faiz səviyyəsində qalacaq. Bu barədə "Standard & Poor's" beynəlxalq reytinq agentliyinin hesabatına qeyd olunur. Hesabatda bildirilir ki, bu, 2020-ci illə müqayisədə 1 faiz az olacaq. 2022-ci ildə Azərbaycanda işsizlik səviyyəsinin 5 faizidək azalacağı proqnozlaşdırılır. 2023 və 2024-cü illərdə isə bu göstərici müvafiq olaraq 4,9 və 4,7 faiz təşkil edəcək.

 

Yaxın 3 ildə ölkədə işsizlik səviyyəsinin 5 faiz aşağı düşməsini ekspertlər də təsdiqləyirlər. Onların fikrincə, ölkədə baş verən iqtisadi inkişaf işsizlik səviyyəsinin azalmasına təsir edəcək.

İqtisadçı-ekspert Kamran Məmmədli qeyd etdi ki, ölkədə aparılan iqtisadi islahatlar gələcəkdə açılacaq iş yerlərinin sayının artmasına səbəb olacaq: “Məlumdur ki, son aylarda müəssisələrdə müəyyən bir şəffaflıq prosesi gedir. İşçilərin rəsmiləşdirilməsi prosesinə başlanıb. Bunun da təsiri var. Söhbət, faktiki olaraq, işləyən işsizlərin rəsmi status almasından gedir. Yəni bunlar bu günə kimi işləyirdi, amma rəsmi olaraq işsiz hesab edilirdilər. Bizdə qeyri-rəsmi məşğulluq həmişə yüksək olub. Sadəcə olaraq, qeyri-rəsmi məşğulluğun bir hissəsinin ağarması hesabına bizdə statistika baxımından işsizlik səviyyəsində azalma müşahidə olunur”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, ölkəmizin iqtisadiyyatın inkişaf tempinə görə regionda lider dövlətə çevrilməsi də təsadüfi deyil. Azərbaycan hökumətinin yürütdüyü müstəqil siyasət həmişə birmənalı olub: "Güclü dövlət, güclü iqtisadiyyat və sosial rifah. Bax, bu prinsiplərin vəhdəti bu gün Azərbaycanı dünyada seçilmiş ölkələrin sırasına daxil edib. Bunun nəticəsində biz uğurla inkişaf edirik. Ölkədə aparılan iqtisadi islahatlar beynəlxalq təşkilatların gələcək üçün ölkəmiz haqqında müsbət rəy verməsinə səbəb olur”.

Günel CƏLİLOVA

Son xəbərlər