Beynəlxalq reytinq agentliyi Azərbaycanın kredit reytinqində müsbət dinamikanı təsdiqlədi, proqnoz “mənfi”dən "stabil”ə yüksəldildi

img

"S&P Global Ratings" reytinq agentliyi Azərbaycanın yerli və xarici valyutada uzunmüddətli suveren kredit reytinqini "BB+/B" səviyyəsində təsdiqləyib. Reytinq agentliyi reytinq üzrə proqnozu isə "mənfi"dən "stabil"ə yüksəldib.

Azərbaycanın beynəlxalq kredit reytinqinin və reytinq üzrə proqnozunun yaxşılaşdırılmasını "S&P" Qarabağ müharibəsinin bitməsi və üçtərəfli atəşkəs razılaşmasının imzalanması nəticəsində ölkədə ümumi təhlükəsizliyin, maliyyə sektorunun və tədiyyə balansının risqlərinin azalması ilə əsaslandırıb. "Proqnozları nəzərə alaraq, Azərbaycanın kredit profilinə iqtisadi və maliyyə sektorlarından əhəmiyyətli risqlər gözləmirik. Artan geosiyasi qeyri-müəyyənliyə baxmayaraq, əhalinin əmanətlərinin xarici valyutaya çevrilməsində və ya bank sistemindən tamamilə çıxarılmasında heç bir artım olmayıb", - deyə agentlik bildirib.

Agentliyin hesabatına əsasən, ölkə reytinqinin daha da artırılması üçün xarici ticarət balansı profisitinin gözləntilərdən artıq olması, yaxud ölkədə pul-kredit siyasətini daha səmərəli hala gətirmək, bank sektorunu gücləndirmək üçün hökumətin bir sıra struktur islahatları həyata keçirməsi zəruridir.

"S&P"yə görə, karbohidrogen qiymətlərinin aşağı olmasına və COVID-19-un yaratdığı iqtisadi geriləməyə baxmayaraq,  Azərbaycanın maliyyə və xarici mövqeləri "BB" kateqoriyasında qiymətləndirilən ən güclü ölkələr arasında qalır.

Qeyd edək ki, Azərbaycan iqtisadiyyatındakı müsbət dinamikanı dünyanın tanınmış, böyük nüfuz sahibi olan 3 kredit reytinq təşkilatı da verdiyi rəydə ifadə edib. Nüfuzlu “Fitch Ratings”, "Moody's" və “Standard & Poor’s” reytinq agentlikləri Azərbaycanın kredit reytinqini müsbət qiymətləndirib. “Standard & Poor's” Azərbaycana BB stabil kredit reytinqi verib. Beynəlxalq təşkilatlar Azərbaycanda aparılan iqtisadi və sosial islahatların bir qədər də dərinləşməsini, səmərəli olmasını təsdiqləyir. Ciddi iqtisadi beyin mərkəzlərinin açıqladığı rəylər Azərbaycana olan münasibəti bir qədər də sağlamlaşdırır və bu proses ölkəmizin iqtisadi cəlbediciliyini artıracaq.

Onu da nəzərə almaq lazımdır ki, beynəlxalq təşkilatların müsbət rəylərini investorlar nəzərə alırlar. Onların hər hansı bir ölkə, bank, şirkət, maliyyə qurumu haqqında səsləndirdiyi fikirlər investorlar, iqtisadi oyunçular üçün çox önəmlidir.

Bu nöqteyi-nəzərdən nüfuzlu təşkilatların hazırladıqları reytinqdə Azərbaycanın mövqeyinin yaxşılaşması ölkəmizin iqtisadiyyatı haqqında yaxşı imicin formalaşmasına, gözləntilərin müsbətə doğru dəyişməsinə böyük töhfə olacaq. Pozitiv proqnozlar xarici investorlara bir ismarıcdır və yəqin ki, onların marağının daha da artmasına gətirib çıxaracaq.

Günel CƏLİLOVA

Son xəbərlər