Aİ-98 markalı benzinin qiyməti düşüb

Azərbaycanda yanacaqdoldurma məntəqələrində (YDM) Aİ-98 markalı benzinin qiyməti 1,5 manatdan 1,03 manatadək azalıb.
Bu barədə çərşənbə günü "Trend"ə ölkədə ən iri YDM operatorları olan ARDNŞ və "Azpetrol" şirkətlərindən bildirilib. Digər benzin markalarının qiymətləri dəyişməz qalır. Qeyd edək ki, AI-98 markalı benzin Azərbaycanda istehsal olunmur, xaricdən idxal edilir. Xatırladaq ki, Azərbaycanda istehsal olunan neft məhsullarının qiymətləri Tarif Şurası tərəfindən müəyyən edilir. Tarif Şurasının qərarı ilə 2013-cü il dekabrın 3-dən benzinin pərakəndə qiyməti artıb.
Hazırda Aİ-95 benzininin pərakəndə satış qiyməti 1 litr üçün 80 qəpik, Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti isə 1 litr üçün 70 qəpik müəyyən edilib. Buna qədər isə 1 litr Aİ-95 markalı benzinin qiyməti 60 qəpik, Aİ-92 markalı benzininin qiyməti isə 55 qəpik təşkil edirdi.
Azərbaycanda buna qədər yanacağın qiymətləri 2007-ci ildə dəyişmişdi.