Koronavirus pandemiyası əksər dünya ölkələrində sənaye istehsalının həcminə mənfi təsir göstərib. Yəni sənaye istehsalı azalıb. Ancaq Azərbaycanda azalma olmayıb. Belə ki, bu ilin yanvar-may aylarında ölkədə ümumi sənaye istehsalı 15,5 milyard manat (9.1 milyard dollar) təşkil edib ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 0.4 faiz çoxdur. Bu ilin ilk beş ayında Azərbaycanda qeyri-neft sənayesinin artımı 14 faiz təşkil edib. Sözügedən sahənin sənaye istehsalındakı xüsusi çəkisi 30 faizə yaxındır.
Sənaye məhsullarının 62 faizi mədənçıxarma, 31,6 faizi emal, 5,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,8 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub. Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 3,1 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 15,5 faiz artıb. Emal sektorunda isə əczaçılıq məhsullarının istehsalı 3,1, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 2,3, metallurgiya sənayesi məhsullarının istehsalı 2,2 dəfə, kompyuter, elektron və optik məhsulların istehsalı 94,6, ağacın emalı və ağacdan məmulatların istehsalı 57,2, digər nəqliyyat vasitələrinin istehsalı 37,6, elektrik avadanlıqlarının istehsalı 26,5, tütün məmulatlarının istehsalı 26,1, kimya sənayesi məhsullarının istehsalı 24,6, kağız və karton istehsalı 15, rezin və plastik kütlə məmulatlarının istehsalı 13,6, geyim istehsalı 13, hazır metal məmulatlarının istehsalı 7,4, içkilərin istehsalı 2,9, neft məhsullarının istehsalı 2, poliqrafiya məhsullarının istehsalı 1,8, qida məhsullarının istehsalı 1,8, toxuculuq sənayesi məhsullarının istehsalı 1,6 faiz artıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 13, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 1,5 faiz artıb.
Göründüyü kimi, koronavirusun təsirlərinə baxmayaraq, bir sıra ölkələrdən fərqli olaraq, Azərbaycanda ümumi sənaye istehsalı bu ilin beş ayında azalmayıb. 2019-cu ilin 5 ayı ilə müqayisədə cüzü də olsa artıb. Ümumən bunu ekspertlər necə dəyərləndirirlər?
“...pandemiya Azərbaycanda sənaye istehsalına kəskin mənfi təsir edə bilməyib”
Məsələyə münasibət bildirən ekspert Rəsul Cahangirli pandemiyaya rəğmən, Azərbaycanda bu ilin 5 ayında sənaye istehsalının cüzi də olsa artmasını bir sıra faktorlarla əlaqələndirdi: “İqtisadiyyatın müasir inkişaf mərhələsi sənayeləşmə və onun modernləşməsilə xarakterizə olunur. Güclü iqtisadiyyatı inkişaf etmiş sənayesiz təsəvvür etmək olmaz. Davamlı inkişaf, əhalinin məşğulluğunun artırılması, ölkənin ixrac qabiliyyətinin yüksək səviyyədə saxlanması, elmin inkişaf etdirilməsi, idxaldan asılılığın azaldılması və s. məqsədlər baxımından sənayenin inkişaf etdirilməsi vacibdir. İnkişaf etmiş sənaye kənd təsərrüfatı istehsalının artırılmasına əsas yaradır. Ərzaq təhlükəsizliyini təmin edir, iqtisadiyyatın müxtəlif sahələrinin rəqabət qabiliyyətinin artırılmasına, xarici bazarlardan asılılığın azaldılmasına kömək edir. Sadalanan mühüm cəhətlər son illər Azərbaycanda da sənayenin inkişaf etdirilməsi zərurətini yaradıb. Buna görə də son illərdə sənayedə tərəqqinin əldə edilməsinə, mədən sənayesi ilə bərabər qeyri-neft sənayesinin inkişaf etdirilməsinə xüsusi diqqət ayrılır. Son illər ölkədə aparılan islahatlar sənayenin bir sıra sahələrində inkişafa səbəb olub. Azərbaycanda sənayenin inkişafında daxili investisiyaların payı yüksəkdir. Bütün bu və digər görülən işlərin nəticəsidir ki, pandemiya Azərbaycanda sənaye istehsalına kəskin mənfi təsir edə bilməyib. Cüzi də olsa artıma nail olmaq mümkün olub”.
Vidadi ORDAHALLI