"Əmanətlərin sığortalanması ilə bağlı yeni strateji baxışı ilin sonuna kimi formalaşdıracağıq". Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov media nümayəndələrinə açıqlamasında deyib. O qeyd edib ki, hazırda Əmanətlərin Sığortalanması Fondu ilə birlikdə bu müzakirə edilir. Onun iqtisadiyyata, əmanətçilərə mümkün təsirləri qiymətləndiriləcək.
Məlumat üçün bildirək ki, hazırda qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi manat üzrə 12%, xarici valyuta üzrə isə 2,5% təşkil edir.
Maraqlıdır, əmanətlərin sığortalanması üzrə yeni qanunvericilikdə hansı dəyişikliklərin və əlavələrin olunası gözlənir?
Vüqar Bayramov: “Əmanətlərin sığortalanması ilə bağlı mexanizmin təkmilləşdirilməsinə ehtiyac var”
Millət vəkili Vüqar Bayramov bildirdi ki, əmanətlərin sığortalanması ilə bağlı mexanizmin təkmilləşdirilməsinə ehtiyac var. Çünki, indiki halda, Azərbaycanda əmanətlərin qorunması birbaşa dövlətin məsuliyyətindədir. Lakin bu sahədə bankların öhdəliyinin artırılmasına ehtiyac var: “Bankların prosesə cəlbi ilə büdcə vəsaitlərinə qənaət etmək mümkün olacaq. Belə ki, təkcə ötən ay bağlanan 4 bankda 680 milyon manat sığortalı əmanət var. Əmanətlərin Sığortalanması Fondu isə hazırda bunun yalnız 200 milyon manatını qaytarmaq üçün vəsaitə malikdir. Qalan 480 milyon manatı isə Mərkəzi Bank fonda kredit kimi verəcək. Odur ki, bu ilin sonuna qədər Mərkəzi Bankın valyuta ehtiyatlarında azalma gözlənir”.
Samir Əliyev: “Əmanətlərin tam sığortalanması qərarı həssas vaxtda verilmiş düzgün qərar olsa da...”
İqtisadçı-ekspert Samir Əliyev qeyd etdi ki, əmanətlərin tam sığortalanması qərarı həssas vaxtda verilmiş düzgün qərar olsa da, artıq bu mexanizmdən imtina etməyin vaxtı çatıb: "Pandemiyaya görə əmanətlərin tam sığortalanması müddəti növbəti dəfə uzadıldı. Lakin düşünürəm ki, bundan sonra əmanətlərin tam sığortalanması sistemindən imtina etməli və yenidən limitli kompensasiyaya qayıtmalıyıq. Qanun qüvvədən düşdükdən sonra kompensasiya 30 min manat olacaq. Düşünürəm ki, kompensasiya məbləğini 2 dəfəyə yaxın artırmaq lazımdır. Kompensasiya məbləği 50-70 minə qədər müəyyən oluna bilər.
İkinci məsələ əmanətlərin verilməsi müddətinin reqlamentləşdirilməsi və dəqiqləşdirilməsidir. İnkişaf etmiş ölkələrdə bununla bağlı müddətlər mövcuddur. Məsələn, əmanətçilər sığorta hadisəsindən 3 və ya 5 gün sonra əmanətini ala bilir. Bizdə isə bir həftə ərzində əmanətin geri qaytarılma müddəti ilə bağlı məlumatın veriləcəyi deyilir. Məsələn, "Amrahbank" və "Atabank"ın bağlanması ilə aprelin 28-də sığorta hadisəsi baş verdi. Kompensasiyanın verilməsinə isə iyunun 1-də başlandı ki, bura bütün əmanətlər yox, 30 min manata qədər olan əmanətlər daxildir. Sığorta hadisəsindən sonra kompensasiyaların ödənilməsinə qədər 1 aydan çox vaxt keçib. Əmanətlərin qaytarılması üzrə müddət dəqiq olmalıdır".
Həmsöhbətimiz onu da əlavə etdi ki, xarici valyutada olan əmanətlərin sığorta faizi aşağı salınmalıdır: “Əmanətlərin Sığorta Fonduna üzv olan banklarda xarici valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 2,5 faiz təşkil edir. Bu faiz dərəcəsini 1 faizə qədər aşağı endirmək lazımdır ki, insanlar milli valyutada əmanət yerləşdirməyə meylli olsunlar. Düşünürəm ki, yanaşmalar bundan ibarətdir.
Təkliflərdən biri də sığortalanmanın əhatə dairəsini genişləndirməkdir. Hazırda fond tərəfindən fiziki şəxslərin cari hesabları və əmanətləri qorunur. Lakin, həmçinin, fərdi sahibkarların cari hesabları, hüquqi şəxslərin depozitləri qorunmalıdır. Bunlar qorunan əmanətlər sırasına daxil edilməlidir".
Günel CƏLİLOVA