Hesablama Palatasının yaydığı məlumata görə, dövlət satınalmalarının 39 faizi ictimaiyyətdən gizlədilib. Belə ki, Hesablama Palatasına satınalan qurumlar tərəfindən təqdim edilən hesabatlara əsasən, ümumilikdə, 514,4 mln. manat dəyərində 1147 satınalma müqaviləsi internet portalın “bağlanmış müqavilələr haqqında məlumat” bölməsində yerləşdirilməyib.
Bu barədə HP-nin 2019-cu il üçün hesabatında deyilir. Satınalan qurumlar müsabiqə satınalmaları üzrə yekun protokolları nəzarətçi orqana - İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə (ASİBNDX) təqdim edir. Bu xidmətin məlumatına əsasən, 2018-ci ildə satınalan təşkilatlar tərəfindən 8964 müsabiqə əsaslı satınalma keçirilib. Lakin Xidmət dövlət satınalmalarının vahid internet portalında (etender.gov.az) 5463 satınalma müqaviləsi barədə məlumat yerləşdirib. O da məlum olub ki, Hesablama Palatası 2019-cu ildə dövlət qurumlarında aparılan audit nəzarəti zamanı 500-dən artıq pozuntu halı aşkar edib. Əvvəlki illərdə olduğu kimi, əsas pozuntular büdcə qanunvericiliyi, dövlət satınalmaları, dövlət əsaslı vəsait qoyuluşları kimi sahələrdə və eləcə də mühasibat uçotu və hesabatlılıqla bağlı pozuntular üstünlük təşkil edir.
Bütün hallarda, dövlət satınalmalarının 39 faizinin ictimaiyyətdən gizlədilməsi çox ciddi rəqəmdir. Maraqlıdır, satınalmaların gizlədilməsində məqsəd nədir?
“Satınalmalara nəzarət gücləndirilməli və bu sahədə işlərin şəffaf qurulması təmin edilməlidir”
Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Rəşad Həsənovun sözlərinə görə, belə hallar müəyyən fərdi maraqlarla və digər məsələlərlə bağlıdır: “Qanunvericilik sənədinə uyğun olmadan hansısa işlər görülür. Bir sıra hallarda qanunvericiliyin tələbinə uyğun olmadan və bunun əksinə olaraq işlər həyata keçirilir. Ən başlıcası, burada satınalmalar zamanı sövdələşmələrdə qiymət razılaşmalarında müəyyən subyektiv maraqların nəzərə alınması məsələsi var. Həqiqi rəqabət mühiti pozulur. Ən yüksək qiyməti təklif edən şirkətlə müqavilə bağlanır. Hansı ki, belə hallarda ictimai qınaq yaranmasın və yaxud da ictimai nəzarət olmasın deyə, satınalmaların nəticələri gizlədilir. Yəni satınalmalar ictimailəşdirilmir və bu haqda məlumatlar müvafiq portallarda yerləşdirilmir. Bütün bunlar məhz subyektiv maraqların nəzərə alınması və korrupsiya üçün əlverişli mühitin yaradılması məqsədi daşıyır. Ona görə də sözügedən məsələdə qanuna müvafiq olaraq Hesablama Palatası və aidiyyəti dövlət qurumlarının üzərinə ciddi öhdəliklər düşür. Xüsusən də neft gəlirlərinin azaldığı indiki dövrdə bu çox vacib məsələdir. Bu baxımdan, satınalmalara nəzarət gücləndirilməli və bu sahədə işlərin şəffaf qurulması təmin edilməlidir”.
Vidadi ORDAHALLI