Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları çərçivəsində 23 yaşadək futbolçulardan ibarət Azərbaycan və Oman komandalarının final oyunu keçirilib.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyeva və ailə üzvləri final matçına baxıblar.
“Trend”-in məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşmaya millimiz daha fəal başlayıb. 16-cı dəqiqədə Mahir Mədətov hesabı açıb, 11 dəqiqə sonra isə dubla imza atıb. Fasiləyə üstün yollanan yığmamız ikinci hissənin əvvəllərində qapısında qol görüb - Sabah əl-Yəhyayi fərqlənib. Lakin Oman yığmasının bundan artığına gücü çatmayıb - 2:1.
Beləliklə, futbol üzrə Azərbaycan millisi IV İslam Həmrəyliyi Oyunlarının çempionu olub. Bu, Azərbaycanın İslamiadada qazandığı 75-ci qızıl medaldır.