Ağır atletimiz Elnarə Abbasova bürünc medalçıdır
Bakı-2017 IV İslam Oyunlarında ağır atletika yarışları davam edir. Trend-in məlumatına görə, bu gün çəkisi 63 kq olan qadınlar körpücük üzərinə çıxıblar. Burada Firuzə İbrahimova və Elnarə Abbasova medal mübarizəsi aparıblar.
Firuzə birdən qaldırma hərəkətində 80 kq, təkanla qaldırmada isə 100 kq-ı ram edib. Toplam 180 kq (80+100) nəticə göstərən atletimiz bu çəkidə 5-ci yeri tutub.
Elnarə birdən qaldırma hərəkətində 82 kq, təkanla qaldırma hərəkətində isə 102 kq-ı ram edib. Toplam 184 kq (82+102) nəticə göstərən atletimiz bu çəkidə bürünc medal qazanıb.
Azərbaycan gimnastlarından İslamiadada daha bir medal
Azərbaycan gimnastı Timur Bayramov IV İslam Həmrəyliyi Oyunlarının idman gimnastikası yarışlarında paralel qollarda hərəkətlər üzrə üçüncü olub. T.Bayramovun yekun nəticəsi 13.100 bal olub.
Türkiyə idmançısı Fərhad Arican 14.900 bal yığaraq qızıl medala sahib olub.
Gümüş medal isə əlcəzairli Hilal Meticiyə nəsib olub - 13.500 bal.
Digər təmsilçimiz Bense Talas 7-ci yerlə kifayətlənib.
Gimnastımız qızıl medal qazandı
Azərbaycan idmançısı Murad Ağarzayev Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının idman gimnastikası yarışlarında sərbəst hərəkətlərin yekunu üzrə qızıl medal qazanıb. Gimnastımız M.Ağarzayev 14.400 balla bütün rəqiblərini qabaqlayıb.
Gümüş medala Əlcəzair təmsilçisi Əhməd Anis Mauc (13.350 bal), bürünc medala isə türkiyəli Əhməd Öndər (13.100) sahib çıxıb.
Daha bir medalı Azərbaycan gimnastı qazandı
Bakıda IV İslam Həmrəyliyi Oyunları çərçivəsində Azərbaycan gimnastı Bense Talas halqalarda hərəkətlərdə gümüş medal qazanıb. Onun nəticəsi 14.500 xal olub.
Qızıl medalı 15.250 xal nəticə ilə Türkiyə təmsilçisi İbrahim Çolak qazanıb. Bürünc medalı isə 13.850 xal nəticəsi olan İran təmsilçisi Hadi Xanarinrcada qazanıb.
Qızıl medalçımız: “Qələbəmi azadlığımız uğrunda canlarını fəda etmiş şəhidlərimizə həsr edirəm”
Bu gün sevincimin həddi-hüdudu yoxdur. Ölkəmə qızıl medal qazandırmışam. Bunu isə jurnalistlərə Bakı-2017 İslam Həmrəyliyi Oyunlarında karate üzrə yarışlarda qızıl medal qazanmış idmançımız Ayxan Mamoyev deyib.
O bildirib ki, döyüşləri ağır keçib: "Amma şadam ki, qalib gəldim. Döyüşə yaxşı hazırlaşmışdım. Qələbəmi torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizə həsr edirəm. Qarşıda olimpiya oyunlarına hazırlaşacağam".
Azərbaycan atıcısı İslam Oyunlarında üçüncü qızıl medalını qazandı
Azərbaycan idmançısı Ruslan Lunyov isə IV İslam Həmrəyliyi Oyunlarının atıcılıq yarışlarında üçüncü qızıl medalını qazanıb. Təmsilçimiz kişilər arasında 25 metr məsafədən standart tapança ilə atəş açma yarışında rəqiblərindən daha dəqiq olub.
5 rekord yeniləyən ağır atletimiz çempion oldu
Bakıda keçirilən IV İslam Oyunlarının ağır atletika yarışlarında idmançımız Anastasiya İbrahimli qızıl medal qazanıb. Bu gün çəkisi 69 kq olan qadınlar körpücük üzərinə çıxıblar. Burada Fidan Hüseynzadə və Anastasiya İbrahimli medal mübarizəsi aparıblar.
Fidan birdən qaldırma hərəkətində 69 kq, təkanla qaldırma hərəkətində isə 88 kq-ı ram edib. Toplam 157 kq (69+88) nəticə göstərən atletimiz bu çəkidə 7-ci yeri tutub.
Anastasiya birdən qaldırma hərəkətində 100 kq-ı ram edib. Atletimiz təkanla qaldırma hərəkətində isə 119 kq-ı başı üzərinə qaldırıb.
Toplam 219 kq (100+119) nəticə göstərən A.İbrahimli bu çəki dərəcəsində qızıl medala sahib çıxıb.
İlham Zəkiyev: “Sevinirəm ki, medalsız qalmadım”
Qızıl medal uğrunda döyüşə atılmışdım, haqsızlıq oldu, yarışın qalibi mən olmalı idim. Bunu jurnalistlərə Bakı-2017 İslam Həmrəyliyi Oyunlarında paralimpiya üzrə bürünc medal qazanmış idmançımız İlham Zəkiyev deyib.
O bildirib ki, amma yenə də medalsız qalmadım: "Paracüdoda B1, B2 və B3 dərəcələri var. Yəni, tam görmək, zəif görmək və ümumiyyətlə görməmək. Bu oyunlarda B1, yəni tam görmə qabiliyyətini itirən yeganə idmançı mən idim. Ümid edirəm ki, bu ədalətsizlik aradan qaldırılar və gələcək yarışlarda buna diqqət yetirilər. Sevinirəm ki, medalsız qalmadım".
İstəyimiz Azərbaycanın adını yüksəltmək idi, buna nail olduq
Yarışlar güclü geçdi. Əksər ölkələr güclü komandalarla iştirak edirdilər. Buna baxmayaraq, Azərbaycan Milli Paralimpiya Komitəsinin cüdoçuları yarışlarda yaxşı nəticə göstərdilər. Bunu isə Bakı-2017 İslam Həmrəyliyi Oyunlarında paracüdo üzrə qızıl medal qazanmış Elçin Talıbov deyib.
O bildirib ki, ölkəmizin bayrağını yüksəltməyə çalışdıq: "İstəyimiz Azərbaycanın adını yüksəltmək idi, buna nail olduq. Bir ailəyə iki medal apardıq. Qardaşım Natiq Talıbov da paralimpiyaçıdır. O da bürünc medal qazandı. Ailəmizin də sevincinin həddi-hüdudu yoxdur. İki qardaşın bir yarışda iştirak etməsi bizim ailəyə qismət oldu. Gələcəkdə keçiriləcək yarışlara da qatılacağıq və ölkəmizi layiqincə təmsil edəcəyik".
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
Orxan Səfərov: “Hədəfim 2020-ci il Tokio Olimpiya Oyunlarında birinci yer tutmaqdır”
“IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazandıqdan sonra növbəti hədəfim 2020-ci il Tokio Olimpiya Oyunlarında birinci yer tutmaqdır”. Bunu İslamiadada cüdo üzrə 60 kq çəki dərəcəsində qızıl medal qazanmış Orxan Səfərov deyib.
O bildirib ki, Bakıda əldə etdiyi nəticələrlə kifayətlənmək niyyətində deyil: "Qarşıda çoxlu vacib yarışlar var. 2016-cı il Olimpiya Oyunlarında mən beşinci olmuşdum, Tokioda isə qızıl mükafatı qazanmağı hədəfləyirəm”.
İdman gimnastikası üzrə fərdi yarışların qalibləri mükafatlandırıldı
Bu gün Milli Gimnastika Arenasında Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında idman gimnastikası üzrə fərdi yarışların qalibləri mükafatlandırılıb. Mükafatlandırma mərasimində Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov və İslam Həmrəyliyi İdman Federasiyasının İcraiyyə Komitəsinin üzvü Ömər Dinaye iştirak ediblər.
Kişilər arasında sərbəst hərəkətlər, halqalar və paralel qollarda, qadınlar arasında isə dayaqla tullanma və müxtəlif hündürlüklü qollarda hərəkətlərin yekunu üzrə qalib və mükafatçılara medallar təqdim edilib.
Beş finalın nəticəsinə görə Azərbaycan bir qızıl, üç gümüş və bir bürünc medal qazanıb.
Cüdo komandamız İslamiadanın qalibi oldu - 29-cu QIZIL
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın kişi idmançılardan ibarət cüdo yığması qızıl medal qazanıb. Finalda əlcəzairli cüdoçularla qarşılaşan təmsilçilərimiz gərgin döyüşlərdə qalib gəliblər - 3:2.
Bununla da İslam Həmrəyliyi Oyunlarında Azərbaycan qızıl medallarının sayını 29-a çatdırıb.
Azərbaycan cüdoçusundan nümunəvi hərəkət
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında kişi cüdoçuların komanda yarışının finalında Azərbaycan idmançısı nümunəvi hərəkəti ilə yadda qalıb. Trend-in məlumatına görə, +90 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Uşanqi Kokauri final görüşündə zədələnən əlcəzairli rəqibi Nəcib Temmarın ayağa qalxmasına kömək edib.
Finalda Azərbaycan yığması qalib gələrək qızıl medala sahib olub - 3:2.
Britaniyalı turist: “İdman yarışlarını canlı izləmək çox maraqlıdır”
“İdman yarışlarını canlı izləmək çox maraqlıdır”. Bunu Londondan İslam Həmrəyliyi Oyunlarını izləməyə gəlmiş turist Hafiz Bəşir deyib.
O bildirib ki, Azərbaycana dünən axşam gəlib və ilk olaraq idman gimnastikası üzrə yarışları izləyib: “Mənim çox xoşuma gəldi. Azərbaycanda olduğum üçün azərbaycanlı gimnastlara azarkeşlik edirəm”.
Onun sözlərinə görə, Londonda biletlər baha olduğu üçün idman yarışlarını əsasən televiziya vasitəsilə izləyir və Bakıda biletlərin ucuz olması onu yaxşı mənada təəccübləndirib.
Azərbaycan üzgüçüsü İslamiadada ikinci qızıl medalını qazandı
Azərbaycan üzgüçüsü Maksim Şembyarov IV İslam Həmrəyliyi Oyunlarında ikinci qızıl medalını qazanıb. İdmançımızın 400 m məsafəyə fərdi kompleks üsulu ilə üzmə yarışında vaxtı 4:16,56 olub.
Gümüş medal türkiyəli üzgüçü Batuhan Hakana, bürünc isə indoneziyalı Aflah Praviraya nəsib olub
Özbəkistanlı gimnast: “Azərbaycanlı tamaşaçılar qarşısında çıxış etmək xoşdur”
Azərbaycanlı tamaşaçılar qarşısında çıxış etmək çox xoşdur. Trend-in məlumatına görə, bunu jurnalistlərə IV İslam Həmrəyliyi Oyunlarında idman gimnastikası yarışlarında çıxış edən özbəkistanlı gimnast Oksana Çusovitina deyib.
Dayaqla tullanma yarışlarında qızıl medal qazanmış gimnast öz çıxışından çox razı qaldığını deyib.
O.Çusovitina qeyd edib ki, o, Bakıya üçüncü dəfədir ki, gəlir. “Özümü burada evdəki kimi hiss edirəm. Çünki insanlar burada inanılmaz dərəcədə mehriban və xeyirxahdırlar. Bu, əhval-ruhiyyəni yüksəldir”.
İdman gimnastlarımızdan 2 medal
Azərbaycanın idman gimnastı Marina Nekrasova Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında ikinci gümüş medalını qazanıb. Təmsilçimiz tirdə hərəkətlərin yekunu üzrə 12.600 bal toplayıb.
Daha bir təmsilçimiz Yuliya İnşina isə üçüncü olub - 12.250 bal.
Bu proqramda qızıl medala Türkiyə idmançısı Göksu Üçtaş Şanlı (12.750) sahib çıxıb.
İslamiadanın ikiqat qalibinin növbəti hədəfi...
Ağır məşq yaxşı nəticə göstərməyə və mənə olan ümidləri doğrultmağa imkan verdi. Bunu İslamiada çərçivəsində üzgüçülük yarışlarının ikiqat qalibi Maksim Şemberev deyib.
İdmançımız 1500 m məsafəyə sərbəst, 400 m məsafəyə isə fərdi kompleks üsulu ilə üzmə yarışlarında qızıl medallar qazanıb.
Onun sözlərinə görə, ilk növbədə bu, məşqçi ilə birgə əməyin nəticəsidir: "Mən çox şadam ki, mənə olan ümidləri doğrulda bildim. Ancaq sabah daha iki mərhələ var və mən arxayın ola bilmərəm. Əlbəttə, iki medal yaxşıdır, ancaq dayanmaq olmaz".
Gələcək planlarını şərh edən M.Şemberev deyib ki, Azərbaycanı yayda Budapeştdə keçiriləcək dünya çempionatında təmsil edəcək: "Dünya çempionatında yenə də yaxşı nəticə göstərməyə çalışacağam. Planlarıma eləcə də, Tokioda keçiriləcək Olimpiya Oyunlarında iştirak etmək də daxildir".
Azərbaycan gimnastından ikinci qızıl medal...
Azərbaycan təmsilçisi Bense Talas Bakı-2017 İslam Həmrəyliyi Oyunlarının idman gimnastikası yarışlarında turnik üzərində hərəkətlərin yekunu üzrə bütün rəqiblərindən üstün olub. B.Talas finalda 14.000 bal toplayaraq qızıl medal qazanıb. Bu, gimnastımızın İslamiadada qazandığı ikinci qızıldır.
İkinci və üçüncü yerləri isə Türkiyə idmançıları, müvafiq olaraq, Fərhad Arican (13.250) və Əhməd Öndər (13.200) tutublar.
Daha iki qızıl medal gimnastikadan gəldi
Azərbaycan gimnastı Yuliya İnşina da Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının idman gimnastikası yarışlarında sərbəst hərəkətlərin yekunu üzrə qızıl medal qazanıb. Təmsilçimiz finalda 13.100 bal toplayıb.
Gümüş medala 13.050 balla Türkiyə idmançısı Göksu Üçtaş Şanlı, bürünc medala isə digər türkiyəli gimnast Demet Mutlu yiyələnib - 12.700 bal.
Bundan başqa, idman gimnastımız Bense Talas dəstəli at üzərində hərəkətlərin yekunu üzrə 14.250 bal toplayaraq birinci olub.
İkinci yeri iranlı Səidrza Keyha (14.200), üçüncü yeri isə qətərli Əhməd əl-Dayani (13.600) tutub.
Azərbaycan medalların sayına görə liderlər arasında - 33 qızıl, 23 gümüş, 12 bürünc...
IV İslam Həmrəyliyi Oyunlarında bu günün nəticələrinə əsasən qazandığı medalların sayına görə, ikinci yerdədir. Dünən komandalarımız hesablarına 9 qızıl, 6 gümüş və 6 bürünc medal yazdıra biliblər.
Cəmi Azərbaycanın aktivində 33 qızıl, 23 gümüş və 12 bürünc medal var. Türkiyyə 35 qızıl, 31 gümüş və 26 bürünc medalla birinci pillədə qərarlaşıb. Üçüncü yeri isə 6 qızıl, 6 gümüş və 18 bürünc medal ilə Özbəkistan tutur.