Prezident seçkilərində seçicilərin iradələrinin azad ifadə edilməsi üçün bütün şərtlər yaradılıb. Bunu Trend-ə GUAM - Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın baş katibi, qurumun müşahidə missiyasının rəhbəri Altay Əfəndiyev deyib.
O bildirib: "Biz iki seçki məntəqəsində olmuşuq və seçicilərlə söhbət etmişik. Seçkilər azad və sakit mühitdə davam edir. Bir sözlə, Azərbaycanda seçki prosesi və səsvermə mühiti barəsində müsbət rəy formalaşıb".
A.Əfəndiyev qeyd edib ki, hər şey çox dəqiq təşkil olunub və seçki məntəqələrində hər hansı bir pozuntu qeydə alınmayıb.
Onun sözlərinə görə, GUAM nümayəndə heyətinin zəngin proqramı var: "Biz Bakıda və Sumqayıtda 15-dək məntəqədə olmalıyıq. Yəqin ki, Bakı kəndlərində də olacağıq".