ATƏT/DTİHB missiyası Azərbaycanda prezident seçkilərini müşahidəyə başlayıb. Trend-in məlumatına görə, bunu ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) müşahidəçilər missiyasının başçısı Korien Yonker deyib.
O bildirib: “Biz seçkilərə hazırlığı müşahidə etmişik. Bu gün biz bilavasitə prezident seçkilərini müşahidə etməyi planlaşdırırıq. Bizim 13 nəfərdən ibarət əsas qrupumuz aprelin 24-dək Azərbaycanda qalacaq və ölkədə seçkidən sonrakı müddəti müşahidə edəcək”.
K.Yonker əlavə edib ki, uzunmüddətli müşahidəçilər hazırda Azərbaycanın paytaxtında və regionlarında işləyir və baş verən proseslər barədə məlumat verir: “Seçkilərin qiymətləndirilməsi missiya tərəfindən aprelin 12-i açıqlanacaq. Azərbaycan prezident seçkilərinin keçirilməsi barədə hesabat səsvermədən iki ay sonra təqdim olunacaq”.