Azərbaycanda prezident seçkiləri prosesi çox yaxşı təşkil olunub. Trend-in məlumatına görə, bunu britaniyalı müşahidəçi, Böyük Britaniya parlamentinin Mühafizəkarlar Partiyasından olan üzvü Devid Morris deyib.
O bildirib ki, rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda artıq 2 seçki məntəqəsində olub: "Seçki prosesinin yaxşı təşkil olunduğunu görürük. Bundan sonra hansı məntəqələrə baş çəkəcəyimizi hələ bilmirik. Çalışacağaq ki, yalnız Bakı ilə kifayətlənməyək. Mən 2016-cı ildə Azərbaycanda referendumu müşahidə etmişəm. Həmin vaxt 8-10 məntəqədə olmuşduq və düşünürəm ki, bu dəfə də belə olacaq".
Britaniya nümayəndə heyətinin üzvü, "The London Post" nəşrinin baş redaktoru Şahid Qureyşi də seçki prosesinin yaxşı getdiyini bildirib: "İnsanlar seçkilərdə fəal iştirak edirlər. Hər şey yüksək səviyyədə təşkil olunub. Ümid edirəm ki, günün axırınadək hər şey belə davam edəcək".