MDB Parlament Assambleyası müşahidə missiyası Rusiya Federasiya Şurasının sədr müavini İlyas Umaxanovun başçılığı ilə Azərbaycanda prezident seçkilərində səsvermə prosesini izləməyə başlayıb. Trend-in məlumatına görə, İ.Umaxanov 29 saylı seçki dairəsinin 2 saylı seçki məntəqəsində səsvermə prosesini müşahidə edib.
Beynəlxalq müşahidəçi deyib ki, bu gün Azərbaycanda keçirilən prezident seçkilərində seçki komissiyasının çox dəqiq və sistemli işi görünür: "Artıq dördüncü dəfədir prezident seçkilərini müşahidə edirəm. Həm təşkilatçılıq, həm də əhvali-ruhiyyə yüksək səviyyədir. Hiss olunur ki, insanlar səsverməyə xoş əhvali-ruhiyyə, gələcəyə inamla, ölkələrini çiçəklənən, sülh şəraitində görmək ümidi ilə gəlirlər. Əminik ki, Azərbaycan xalqı düzgün seçim edəcək".
İ.Umaxanov əlavə edib: "Bu gün biz tam əminliklə deyə bilərik ki, Qərb ekspertləri Azərbaycanda nəinki seçkiləri müşahidə edə, eyni zamanda, seçkilərin təşkili ilə bağlı təcrübəni öyrənə bilərlər".