"Avropa İttifaqı tam olaraq Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünü dəstəkləyir". APA-nın məlumatına görə, bu sözləri Avropa İttifaqının xarici işlər və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Mogerini Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla birlikdə Aİ-Azərbaycan Əməkdaşlıq Şurasının 15-ci iclasından sonra keçirilən mətbuat konfransında deyib.
F.Mogerini bildirib ki, Azərbaycan Aİ üçün vacib tərəfdaşdır: “Biz bu gün əlaqələrimizin ümumi vəziyyətini və əməkdaşlığımızın ikitərəfli aspektlərini müzakirə etdik”.
O bildirib ki, danışıqların Vyana, Sankt-Peterburq və Cenevrədə yenilənməsi çox vacib irəliləyişdir: “Biz tərəflərin təmas xəttində gərginliyi azaltmaq və danışıqları sürətləndirmək istiqamətdəki razılaşmaları yerinə yetirməsini istəyirik. Status-kvo dayanıqlı deyil və münaqişənin hərbi yolla həlli yoxdur. Münaqişə beynəlxalq qanuna uyğun olaraq siyasi yolla həll olunmalıdır. Avropa İttifaqı ATƏT-in Minsk qrupun vasitəçilik səylərini və təkliflərini dəstəkləyir. O cümlədən bu dəstəyi region üzrə xüsusi nümayəndə və etimad tədbirləri vasitəsilə həyata keçirir”.
Mogerini daha sonra deyib ki, “Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır”. O bildirib ki, Azərnaycanın xarici ticarət dövriyyəsində Aİ ölkələrinin payı 46,5 faizdir: “Həmçinin Avropa İttifaqının Azərbaycanda ən böyük birbaşa xarici investordur. Azərbaycan hazırda öz iqtisadiyyatının diversifikasiya etmək istəyir. Həmçinin biz Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına daxil olmasını sürətləndirməsini istəyirik. Cənub Qaz Dəhlizi bizim enerji sahəsində strateji əməkdaşlığımıza nümunələrdən biridir. Bu layihə həm Azərbaycanın, həm də Avropa İttifaqının maraqlarına xidmət edir. Ötən il Bakı-Tbilisi-Qars dəmiryol xəttinin açılışı Avropa İttifaqın ilə Azərbaycan, Gürcüstan, Türkiyə və Mərkəzi Asiya nəqliyyatını birləşdirmək istiqamətində addımdır”.
Aİ ali nümayəndəsi deyib ki, "Ümid edirəm, Avropa İttifaqı ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqlar tezliklə bitəcək".