Prezident seçkiləri Azərbaycanın daxili işidir. Trend-in məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı erməni jurnalistin Azərbaycanda prezident seçkilərinin tarixinin dəyişdirilməsinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə təsir edib-etməyəcəyi barədə sualına cavab verərkən deyib.
M.Zaxarova bildirib: “Hesab edirəm ki, prezident seçkiləri bu suveren dövlətin daxili işidir. Bunun səbəbi və formatı barədə ilk növbədə Azərbaycan tərəfinə müraciət etmək lazımdır”.
Qeyd edək ki, fevralın 5-də Prezident İlham Əliyev növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, növbədənkənar prezident seçkiləri 2018-ci il aprelin 11-nə təyin olunub.
"Rusiya və Azərbaycan arasında humanitar dialoq mükəmməl şəkildə inkişaf etdirilir". APA-nın məlumatına görə, bunu da Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
M. Zaxarova deyib ki, bu istiqamətdə bir sıra konsertlər, sərgilər təşkil olunur, müxtəlif mədəni mübadilələr aparılır: “Biz Azərbaycanla Rusiya arasında diplomatik münasibətlərin 25 illiyini həm Xarici İşlər Nazirliyinin, həm də səfirliklərimizin xətti ilə qeyd etdik. Bizim insanlarımızı bir-birinə ortaq tarix, mədəniyyət və ənənələr bağlayır".
Zaxarova onu da deyib ki, zərurət olacağı təqdirdə Rusiya-Azərbaycan-Türkiyə, Rusiya-Azərbaycan-İran tipli çoxtərəfli əməkdaşlıq mexanizmləri yarana bilər.
O deyib: “Bu formatlar zərurət nəticəsində yaranır. Bir çox digər formatlar da mövcuddur. Hər şey beynəlxalq münasibətlərdə bu və ya digər məsələnin həlli səviyyəsindən asılıdır”.