Oktyabrın 24-də qondarma “DQR”-in “xarici işlər naziri” Masis Mailyan Meksika deputatlar palatasının dostluq qrupunun üzvlərini qəbul edib.
Baki-xeber.com-un “armenpress”ə istinadən xəbərinə görə, qonaqları qəbul edən qondarma “nazir” deyib ki, bu görüşün uzunmüddətli ikitərəfli dostluğun təməlini qoyacağına ümid edir. Xəbərə görə, Ermənistan Milli Şurasının sədr müavini Eduard Şarmazanovun da iştirak etdiyi görüşdə Dağlıq Qarabağ münaqişəsinə toxunularaq, separatçı rejimin dünyada tanınmasına ümid ifadə olunub.
Təbii, nələrəsə ümid etmək insanın ən doğal haqqıdır və hər kəs ömrü boyu arzularının sorağında olur. Amma başqasının torpaqlarını, həm də qan tökərək işğal edib oranı müstəqil ölkə kimi dünyaya sırımaq cəhdləri normal insanın bu doğal haqqı ilə müqayisəyə belə gəlmir. Təbii, nəzərə alanda ki, söhbət ermənilərdən gedir, əlavə şərhə ehtiyac qalmır, axı onlar tarixləri boyu mətbəxdən, mahnıdan tutmuş qonşularına məxsus hər şeyi mənimsəməyə adət ediblər.
Bəs Meksikaya nə düşüb? Üstəlik, artıq Azərbaycan bu məsələdə özünün haqlı mövqeyini dünyanın kar qulaqlarına çatdıra bilib və torpaqların qaytarılması bu günün ən aktual məsələsi kimi gündəmdədir. Əcaba, bu proses baş tutandan sonra qondarma rejimlə əlaqələrinizi kimin torpaqlarına transfer edəcəksiz?