Azərbaycan torpaqlarını işğal edərək orada özünə istehkam quran və vaxtaşırı yaxa-başını cıraraq əsgərlərinin ölümündə Azərbaycanı suçlayan Ermənistanın ordusunda daha iki əsgər ölümü baş verib.
Baki-xeber.com-un xəbərinə görə, bunlar 1998-ci il doğumlu Aram Xaçatryan və 1997 doğumlu Qraç Avetisyandır.
“Armenpress” saytı yazır ki, Ermənistan İstintaq Komitəsinnin ictimaiyyətlə əlaqələr şöbəsindən A.Xaçatryanın oktyabrın 19-da saat 12.40 radələrində döyüş mövqeyindəki N saylı hərbi hissədə sağ çiynindən güllə yarası aldığı və hospitala aparılarkən yolda öldüyü bildirilib. İstintaq Komitəsinin “hərtərəfli və obyektiv” araşdırmaları nəticəsində onun qəsdən öldürüldüyü təsdiqini tapıb və qatilin axtarışlarına başlanıb. Hətta komitənin xəbərinə görə, hərbi hissənin adı çəkilməyən bir kiçik serjantı olayda şübhəli qismində həbs olunub.
Maraqlıdır ki, Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrə görüşündən sonra düşmən ölkənin mətbuatı Azərbaycanın razılaşmanı pozaraq cəbhədə gərginliyi artırdığı barədə haray-həşir qoparmış və hətta "Əliyev Qarabağda erməni əsgərini vurdu" kimi sərsəm manşetlər də atılmış, Xaçatryan soyadlı əsgərin Azərbaycan tərəfindən açılan atəş nəticəsində öldürüldüyünü bar-bar bağırmışdı. Həmin əsgər Sarkisyan tərəfindən ölümündən sonra hansısa mükafatla da təltif edilmişdi. Təbii, biz bu Xaçatryanın elə o Xaçatryan olduğunu indi sübut edə bilmərik, amma xatırlayırsınızsa, həmin hadisə baş verən zaman erməni saytları Cenevrə danışıqlarından cəmi 3 gün keçmiş Azərbaycan tərəfinin cəbhədə gərginliyin azaldılması ilə bağlı Cenevrədə əldə olunmuş razılaşmanı pozaraq əsgər ölümünə səbəb olduğu barədə hay-həşir qoparmışdı. Nəzərə alınsa ki, ölüm hadisəsi 16 oktyabr Cenevrə görüşündən üç gün (!) sonra - oktyabrın 19-da baş verib və ölənin soyadı da tam eynidir, əlavə şərhə ehtiyac qalmır.
Həm də ona görə ehtiyac qalmır ki, bu tipik erməni xislətidir... Amma yalançının da yaddaşı olmur axı...
SAMİRƏ