ATƏT Parlament Assambleyasının (PA) növbəti sessiyalarında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı müzakirələr aparılacaq. Trend-in məlumatına görə, bunu ATƏT Parlament Assambleyasının sədri xanım Kristin Muttonen deyib.
O qeyd edib: "Bildiyiniz kimi, ATƏT PA-da təmsil olunan parlamentarilər iclaslarda öz ölkələrinə aid məsələləri müzakirəyə çıxarırlar. Bu baxımdan əlbəttə ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinin növbəti sessiyalarda müzakirəyə çıxarılmasını gözləyirik".
K.Muttonen bildirib ki, ATƏT PA bütün məsələlərin, xüsusən də ATƏT regionunda mövcud olan münaqişələrin həlli yolları üçün bir platformadır.
O əlavə edib ki, ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenin regionda sülhün bərqərar olması üçün aktiv işlər aparır: “Biz azərbaycanlı tərəfdaşlarımızla da regionda sülh və sabitliyin bərqərar olması, insanların rifahının təmin olunması üçün fəal iş aparırıq”.
K.Muttonen cəbhəyanı bölgələrə səfər etməyəcəyini bildirib: "Budəfəki səfərim çərçivəsində cəbhəyanı bölgələrə səfər gözlənilmir".
“Azərbaycan və ATƏT PA arasında çox yaxşı əməkdaşlıq mövcuddur”. Bunu da Kristin Muttonen deyib. O bildirib: "Azərbaycana gəlməkdən çox şadam. Bu, ATƏT PA-nın sədri kimi Azərbaycana ilk səfərimdir. Azərbaycan və ATƏT PA arasında çox yaxşı əməkdaşlıq mövcuddur, eyni zamanda Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyəti ilə yaxşı əlaqələrimiz var".
Qeyd edək ki, ATƏT PA sədri xanım K.Muttonen sentyabrın 7-də Azərbaycana səfərə gəlib. K.Muttonenin səfər çərçivəsində ölkə rəsmiləri ilə bir sıra görüşləri nəzərdə tutulur. ATƏT PA sədrinin Azərbaycana səfəri sentyabrın 10-dək davam edəcək.