Seyid Camal Əzimbəyli: “Prezident İlham Əliyev, bütün məsələlərdə olduğu kimi, bunda da çox uzaqgörən siyasət yeridir”
Məlum olduğu kimi, Bakı gəmiqayırma zavodunda BP şirkətinin sifarişi ilə "Şahdəniz-2" layihəsi çərçivəsində inşa edilən "Xankəndi" sualtı tikinti gəmisinin təqdimat mərasimi olub.
Prezident İlham Əliyev mərasimdə iştirak edib. Dövlət başçısına əvvəlcə "Xankəndi" sualtı tikinti gəmisi haqqında videoməlumat təqdim olunub. Bildirilib ki, 2016-cı ilin may ayında suya salınan tikinti gəmisi nəhəng "Şahdəniz mərhələ 2" işlənilmə layihəsinin sualtı qurğularını quraşdırmaq üçün inşa edilib. Nadir "Xankəndi" gəmisinin ümumi çəkisi 17 min 700 tondur. Uzunluğu 155, eni 32 metr olan gəminin maksimal sürəti isə 13,5 knotdur.
Tarixi gəmiyə verilən adın təsadüfü olmadığına diqqət çəkən Prezident, tikintisi 400 milyon dollara başa gələn gəminin Azərbaycanın gücünü göstərdiyini deyib.
Üstünlüklərinə görə dünyada sayca 10 ədəd olan bu gəminin heyət üzvlərinin əksəriyyəti yerli kadrlardan seçilib. "Xəzər Dəniz Gəmiçiliyinin səyini yüksək qiymətləndirən Prezident İlham Əliyev gəmiçiliyin artıq gəlirlə işlədiyini və büdcəyə böyük məbləğdə vergi ödədiyini deyib.
Qeyd edək ki, "Xənkəndi" gəmisi böyük dalğalara qarşı dinamik mövqeləndirmə sistemi, sualtı əməliyyatlar üçün əsas kran, dalğıc kapsulları, möhkəmləndirilmiş avadanlıq endirmə şaxtası və digər zəruri texnikalarla tam təchiz edilib. Gəmi təhvil verildikdən sonra sahildən təxminən 70 kilometr məsafədə yerləşən "Şahdəniz" yatağının ikinci inkişaf mərhələsi üçün səfərbər olunacaq və 2017-2027-ci illərdə "Şahdəniz mərhələ 2" layihəsinin sualtı quraşdırma işlərində istifadə ediləcək.
Belə bir böyük gəmiyə “Xankəndi” adının verilməsinin hansısa rəmzi mənaları ola bilərmi?
Məsələyə münasibət bildirən Seyid Camal Əzimbəylinin sözlərinə görə, bunun çox böyük rəmzi əhəmiyyəti var: “O baxımdan cənab Prezidentin belə addım atması təsadüfi deyil. Prezident, bütün məsələlərdə olduğu kimi, bunda da çox uzaqgörən siyasət yeridir. Gəmiyə “Xankəndi” adının verilməsi o deməkdir ki, Azərbaycan heç vaxt işğal olunmuş ərazilərdən vaz keçməyəcək və həmin ərazilər azad olunacaq. Eyni zamanda bu, Xankəndinin dünyada tanıdılmasında böyük rol oynayacaq və sözügedən şəhərin əsl sahibinin kim olduğunu göstərir. Ona görə də bunun mənası böyükdür”.
Vidadi ORDAHALLI