Prezident İlham Əliyev Lənkəranda “Gilan Orchards" MMC tərəfindən salınmış sitrus bağları ilə tanış olub.
Baki-xeber.com-un prezident.az saytına istinadən xəbərinə görə, diqqətə çatdırılıb ki, rayonun Sütəmurdov kəndi ərazisində 15 hektar sahədə əkilən bu növ sitrus bağından ötən il 1,5 ton məhsul yığılıb. Bu il isə Sütəmurdov kəndi ərazisində əlavə 3, Siyavər kəndində isə 5 hektar sahədə yeni sitrus bağları salınıb.
Məlumat verilib ki, yeni sitrus təsərrüfatının ümumi sahəsi 100 hektardır. Hazırda ərazidə Koreya Respublikasından gətirilən 45 min “Hallabonq” sitrus meyvəsinin ağacları əkilib.
Dövlət başçısına yetişdiriləcək meyvələrin və onlardan hazırlanan məhsulların nümunələri təqdim olunub. Bildirilib ki, hazırda suvarma damcı üsulu ilə həyata keçirilir və çiləmə üsulundan da istifadə edilməsi nəzərdə tutulub. Becərilən “Hallabonq” sitrus bağlarında yüksək dad keyfiyyətlərinə və əmtəəlik xüsusiyyətlərə malik meyvələr istehsal olunacaq və məhsuldarlıq hektarda orta hesabla 35-45 ton təşkil edəcək. Bu da yerli növlərdən 2-3 dəfə çoxdur. Tədarük olunacaq meyvələrdən təzə halda və sənayenin qida, qənnadı, kosmetik, ətriyyat və digər sahələrində, həmçinin şirə istehsalında və şərabçılıqda istifadə edilməsi planlaşdırılır. Rayonda fəaliyyət göstərən “Gilan Holding”in Lənkəran konserv zavodunda daxili bazarda satış üçün meyvə şirəsi istehsal olunacaq.
Prezident İlham Əliyevə məlumat verilib ki, 100 hektar sitrus təsərrüfatından ümumilikdə 4 min ton məhsul götürülməsi nəzərdə tutulub. Gələcəkdə təsərrüfatın 500 hektaradək genişləndirilməsi, o cümlədən dağətəyi ərazilərdə terras əkin sxemləri ilə sitrus sahələrinin yaradılması istiqamətində hazırlıq işləri aparılır. Təsərrüfatda ümumilikdə 200 nəfər işlə təmin olunub.