Azərbaycan Müdafiə nazirliyi tərəfindən məlumat verildiyi kimi, Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq monitorinq aparılarkən atəşkəsin pozulması barədə Ermənistan Xarici İşlər Nazirliyinin twitter vasitəsilə yaydığı xəbər ucuz dezinformasiyadır. Bunu Trend-ə Azərbaycan XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
H.Hacıyevevin sözlərinə görə, monitorinqdə iştirak edən beynəlxalq missiyanın nümayəndələri tərəfindən atəşkəsin pozulması halı qeydə alınmadığı halda, Ermənistan tərəfi bu kimi yalanla çıxış edir: "Bu sentyabr ayında Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə BMT Baş Assambleyasının növbəti sessiyası çərçivəsində görüşü ərəfəsində Ermənistanın növbəti təxribatıdır. Ermənistanın məqsədi bu yolla gərginlik fonu yaratmaq və danışıqlara mənfi təsir etməkdir".
Müdafiə Nazirliyi də monitorinq zamanı Azərbaycan tərəfinin guya atəşkəs rejimini pozması barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Tiqran Balayanın yaydığı məlumata cavab verib. Nazirliyin mətbuat xidmətindən APA-ya bildirilib ki, Ermənistan tərəfinin yaydığı bu məlumat yalan və dezinformasiyadır: “Monitorinqdə iştirak edən beynəlxalq missiyanın nümayəndələri də atəşkəs rejiminin pozulması faktını qeydə almayıblar”.
Qeyd edək ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, avqustun 31-də Azərbaycan və Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində monitorinq keçirilib.
MN-dən bildirilib ki, monitorinq insidentsiz başa çatıb.