Rusiyanın 2010-cu ildə imzalanmış müqaviləyə əsasən Azərbaycana satdığı piyadaların döyüş maşınlarının (PDM-3) tədarükü gələn il başa çatacaq. APA-nın xəbərinə görə, bu barədə TASS hərbi-texniki əməkdaşlıq sahəsindəki mənbəyə istinadən məlumat yayıb.
Qeyd edək ki, Bakı və Moskva böyük həcmdə silah və hərbi texnikanın tədarükü barədə 2010-cu ildə razılığa gəliblər. Buraya üç batalyon "T-90S" tankı, özüyeriyən artilleriya, reaktiv yaylım atəşi sistemləri, ağır odsaçan sistemlər, təmir-təxliyyə və mühəndislik maşınları daxildir. Müqavilə paketinin dəyəri 1 milyard dollara yaxındır.