Seyid Camal Əzimbəyli: “Bundan bəşəriyyətin xilası üçün istifadə olunmalıdır”
Məlum olduğu kimi, Prezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.
Ölkə başçısı Azərbaycan vətəndaşlarını və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımızı mənəvi kamillik və vəhdət rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edib, onlara ən səmimi arzu və diləklərini yetirib: “Öz demokratizmi, humanizmi və bəşəri idealları ilə dünya sivilizasiyasının möhtəşəm səhifəsini təşkil edən İslam dini xalqımızın dünyagörüşünün formalaşmasında və milli-mədəni inkişafında müstəsna rol oynamış, mütərəqqi islami dəyərlər və ənənələr Azərbaycanda həmişə uca tutulmuşdur”.
Həmçinin, Prezident xalqa ünvanladığı təbrikdə İslamın bəşəriyyət üçün önəminə toxunub: “İslamın bir din kimi tamamlanmasını və mənəvi-əxlaqi qurtuluş yolu olaraq bəşəriyyətə göndərilməsini özündə təcəssüm etdirən mübarək Qurban bayramı insanları mərhəmətə, həmrəyliyə və qardaşlığa dəvət edən bir bayramdır. Bu əziz gündə müsəlmanlar Allah yolunda hər cür fədakarlığa hazır olduqlarını nümayiş etdirir, uca Tanrıya yaxınlığın fərəhini yaşamaq fürsəti əldə edirlər”.
İslam dini həqiqətən də müqəddəs və kamil dindir. Onun dəyərlərinə söykənərək bəşəriyyəti mənəvi aşınmadan və digər fəsadlardan qorumaq olar. Bu baxımdan İslam bütün dünyada bəşəriyyətin mənəvi-əxlaqi qurtuluş yolu olaraq tətbiq olunsa nə baş verər?
Məsələyə münasibət bildirən şərqşünas Seyid Camal Əzimbəylinin sözlərinə görə, belə olsa, o zaman bəşəriyyət nicat yolu tapacaq: “Çünki həqiqətən də İslam dəyərləri ən ali dəyərlərdir. Bundan bəşəriyyətin xilası üçün istifadə olunmalıdır. Bu gün dünyada çox mürəkkəb proseslər gedir. Sanki bütün dünyada mənəvi deqradasiya hökm sürür. Xüsusən də Qərbdə mənəvi-əxlaqi məsələlərdə yaşananlar vəziyyətin doğrudan da kritik olduğunu göstərir. Faktiki olaraq ailə institutu dağılır və mənəvi aşınma bütün sferalarda özünü göstərir. Ona görə də İslamdan irəli gələn təməl prinsiplərin bütün dünyada tətbiqi bəşəriyyətin xilas yolu ola bilər. Hesab edirəm ki, Prezident İlham Əliyevin Azərbaycan xalqına ünvanladığı təbrikdə bu məqamların öz əksini tapması tamamilə doğru yanaşmadır”.
Vidadi ORDAHALLI