Azərbaycan nüvə materiallarının yayılmamasına böyük əhəmiyyət verir. Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev Vaşinqtonda IV Nüvə Təhlükəsizliyi Sammitində çıxışı zamanı deyib.
Dövlət başçısı çıxışında qeyd edib: "Əvvəla Azərbaycanı Sammitdə iştirak etməyə dəvət etdiyiniz üçün Sizə minnətdarlığımı bildirmək istəyirəm. Biz bu dəvəti dostluq, tərəfdaşlıq və Azərbaycanın regionda oynadığı rolun təzahürü kimi qəbul edirik. Belə bir mötəbər beynəlxalq toplantıda iştirak etmək bizim üçün böyük şərəfdir. Biz Prezident Obamanın dünya miqyasında nüvə təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi fəaliyyətini və səylərini tam dəstəkləyirik".
İlham Əliyev vurğulayıb ki, öz növbəsində Azərbaycan nüvə materiallarının yayılmamasına böyük əhəmiyyət verir: "Nüvə materiallarının yayılması ilə bağlı meydana çıxan təhdidləri və ölkəmizin yerləşdiyi coğrafi mövqeyi nəzərə alaraq, biz nüvə materiallarının qanunsuz trafiki üçün ölkəmizin ərazisindən mümkün istifadənin qarşısının alınmasına böyük əhəmiyyət veririk. Biz beynəlxalq tərəfdaşlarımızla sıx əməkdaşlıq edərək dünya standartlarına uyğun güclü qanunvericilik bazasına əsaslanan hərtərəfli milli ixrac nəzarəti sistemini yaratmışıq. Bu günə kimi milli ixrac nəzarəti sistemimiz nüvə materiallarının qanunsuz daşınmasının qarşının alınmasında etibarlı bir mexanizm kimi özünü doğrultmuşdur. Lakin ərazimizin yüz faizinə nəzarət etmək imkanımız olmadığına görə proqramları tam şəkildə icra edə bilmirik. Bu gün ərazilərimizin 20 faizi Ermənistanın işğalı altındadır. Bu işğal 20 ildən çoxdur ki, davam edir. Həmçinin beynəlxalq səviyyədə tanınan sərhədlərimizin bir hissəsi işğal altındadır".
Prezident əlavə edib ki, BMT-nin Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib: "Amma bu qətnamələr kağız üzərində qalmaqdadır. Bir daha təkrar edirəm, bu qətnamələr Ermənistan silahlı qüvvələrinin ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Lakin torpaqlarımızın işğalı 20 ildən çoxdur ki, davam edir. Əfsuslar olsun ki, Ermənistan işğal edilmiş əraziləri boşaltmaq üçün həmişə şərtlər irəli sürür. Biz münaqişənin sülh yolu ilə nizamlanması üçün səylərimizi davam etdirəcəyik. Lakin münaqişə Azərbaycanın ərazi bütövlüyü əsasında həllini tapmalıdır.