Rusiyanın gazeta.ru saytı ötən gecə Azərbaycan Ordusunun Qarabağ istiqamətində hücuma keçməsi barədə xəbər yayıb. Xəbərdə bildirilir ki, bu barədə informasiya qondarma "Dağlıq Qarabağ Respublikası”nın saytında yer alıb.
Xəbərdə o da bildirilir ki, Azərbaycan tərəfi hücum zamanı ağır artilleriyadan, zirehli texnikadan və aviasiya vasitələrindən istifadə edib və "hücuma cavab verməyə məcbur olan” erməni tərəfi Azərbaycan HHQ-nin bir vertolyotunu vurub.
Ermənilərin zaman-zaman belə yalanları dövriyyəyə buraxmaqla gündəmə gəlməyə çalışdığı çoxdan alışdığımız məsələ olduğundan, onların bu xəbərinə əhəmiyyət verməmək də olardı. Lakin nəzərə alınsa ki, belə yalan-dolan xəbərlər hərbçilərimizin ailələri arasında panikanın yaşanmasına səbəb olur, o zaman medianın bu məsələlərə aydınlıq gətirməsi, bundan öncə isə Müdafiə Nazirliyinin saytında belə xəbərlərə çevik reaksiya verilməsi zərurəti ortaya çıxır.
Erməniləri bu yalanı dövriyyəyə buraxmağa sövq edən səbəbə gəlincə, bu, heç şübhəsiz, Prezident İlham Əliyevin Vaşinqtonda Nüvə Təhlükəsizliyi Sammiti çərçivəsində bir çox önəmli görüşlər keçirməsi, ABŞ prezidenti Barak Obamanın Azərbaycanı mühüm tərəfdaş adlandırması ilə bağlıdır. Üstəlik, bu tip beynəlxalq tədbirlərdə Azərbaycanın Qarabağ düyünündə haqlı mövqe tutduğu bir daha ortaya çıxdığından, onların Azərbaycanı haqsız çıxarmasına ehtiyac yaranır ki, bu zaman ən çox işə yarayan məsələ atəşkəsin pozulmasıdır.
Əzəli və əbədi düşmənlərimizi məyus edən daha bir məsələ isə bu günlərdə ABŞ-ın Havay ştatının qondarma "DQR”-i tanıdığını bəyan etməsinin ardından Havay rəhbərliyinin dərhal Azərbaycan tərəfindən üzr istəməsi və bunun yanlışlıqla baş verdiyini bəyan etməsidir. Bəlli ki, bütün bunların əvəzini hansı yollasa Azərbaycandan çıxarmağa çalışan Ermənistan, başqa yol tapmadığından, təxribat xarakterli xəbərlər yaymağa başlayıb. Amma bir həqiqəti nəzərə almayıblar ki, yalan ayaq tutur, amma yerimir...
Baki-xeber.com