Prezident İlham Əliyev martın 31-də Vaşinqtonda Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Co Baydenlə görüşüb.
Baki-xeber.com Prezidentin rəsmi veb-səhifəsinə istinadən xəbər verir ki, Co Bayden Prezident İlham Əliyevlə görüşlərə böyük əhəmiyyət verdiklərini və bu görüşlərin Azərbaycanla ABŞ arasında əməkdaşlığın daha da genişlənməsinə, əlaqələrin yeni səviyyəyə qaldırılmasına xidmət etdiyini bildirib. O, ABŞ-ın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini qətiyyətlə dəstəklədiyini, bunun Birləşmiş Ştatlar üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb.
ABŞ-ın vitse-prezidenti bütün sahələrdə, o cümlədən iqtisadi sahədə ikitərəfli əlaqələrin daha da genişlənməsi üçün yaxşı imkanların olduğunu bildirib. O, təhlükəsizlik sahəsində, sülhyaratma əməliyyatlarında ölkələrimizin yaxşı əməkdaşlıq qurduqlarını deyib, Azərbaycanın Əfqanıstandakı beynəlxalq antiterror koalisiyasında fəal iştirakını və töhfəsini yüksək qiymətləndirib. Co Bayden ABŞ-ın Azərbaycanla müdafiə sahəsində də əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi istiqamətində atılan addımların əhəmiyyətini vurğulayıb. Vitse-prezident ABŞ-ın Azərbaycanın "Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsi ilə bağlı fəaliyyətini tam dəstəklədiyini və bu sahədə lazımi addımlar atacaqlarını bildirib.
Prezident İlham Əliyev ölkəmizdə bütün sahələrdə islahatların aparıldığını, fikir, mətbuat, sərbəst toplaşma, internet azadlıqlarının təmin olunduğunu diqqətə çatdırıb. Dövlət başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyi barədə ətraflı məlumat verib. Prezident İlham Əliyev münaqişənin həlli ilə əlaqədar Birləşmiş Ştatların qətiyyətli mövqeyinə görə minnətdarlığını bildirib, bu münaqişənin həll olunmasının vacibliyini vurğulayıb.
ABŞ-ın Prezidenti Barak Obamanın mövcud status-kvonun yolverilməzliyi ilə bağlı mövqeyinin mühüm əhəmiyyət daşıdığını diqqətə çatdıran Prezident İlham Əliyev münaqişənin sülh yolu və danışıqlar vasitəsilə həll olunmasında ABŞ-ın rolunun mühüm önəm kəsb etdiyini bildirib. Dövlət başçısı Azərbaycanın ABŞ-la siyasi, iqtisadi və enerji sahələrində əməkdaşlığın daha da gücləndirilməsində maraqlı olduğunu vurğulayıb.
Söhbət zamanı tərəflər ölkələrimiz arasında güclü və uzunmüddətli əməkdaşlığın həyata keçirilməsində maraqlı olduqlarını bildiriblər.
Görüşdə ABŞ-ın dövlət katibi Con Kerri də iştirak edib.