Türkiyənin Suriyada dəstəklədiyi müxaliflər son günlər İdlibin cənubunda irəliləyən Bəşər Əsəd rejiminə qarşı hərbi əməliyyata başlayıb.
Baki-xeber.com xəbər verir ki, müxaliflər Serakib rayonunun şimal-qərbində strateji əhəmiyyətli Neyrab kəndini ələ keçiriblər
Kənddəki rejim hədəflərinə qarşı artilleriya atəşlərindən sonra qurudan irəliləməyə başlayan müxaliflər bir rejim tankını və zirehli maşını məhv edib, bir tankı da ələ keçirib.
Hazırda bölgədə rejim qüvvələri ilə şiddətli qarşıdurmalar davam edir.
Serakib rayonu, Şam və Hələbi birləşdirən M5 avtomobil yolunun və İdlib-Latakiya-Hələbi birləşdirən M4 magistralının keçdiyi strateji nöqtədə yerləşir.
Türk ordusunun Suriyadakı müxalifləri dəstəklədiyini açıqlayan Rusiyanın Suriyadakı Tərəflərin Uzlaşması Mərkəzi bəyanat yayaraq Ankaranı müxalifləri dəstəkləməyi və silah göndərilməsini dayandırmağa çağırıb.
Türkiyənin müxaliflərə artilleriya ilə dəstək verdiyi ifadə edilən açıqlamada, Rusiya döyüş təyyarələrinin müxalifləri vurduğu qeyd edilir.
Rusiya açıqlamasından qısa müddət sonra Türkiyə Milli Müdafiə Nazirliyi "İdlib bölgəsindəki qüvvələrimizə hava hücumu nəticəsində 2 qəhrəman silahdaşımız şəhid oldu, 5 silahdaşımız yaralandı" deyə bildirib.
Nazirlik İdlib bölgəsindəki müxtəlif mənbələrdən alınan son məlumata görə, 50-dən çox rejim ünsürü, 5 tank, 2 zirehli maşın, 2 silahlı pikap, 1 avtobusun məhv edildiyini açıqlayıb.