NATO, türk əsgərlərinin şəhid olmasının ardından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən elan edilən mümkün İdlib əməliyyatını dəstəkləməyəcək. Baki-xeber.com xəbər verir ki, bu barədə bir NATO diplomatı açıqlama verib.
Əsəd rejiminə bağlı qüvvələrin İdlibdə türk əsgərlərinə hücumunda sonra rejimə dəfələrlə qarşılıq verən Türkiyə ordusu Əsədin yüzlərlə əsgərini məhv edib.
İdlibdə bənzər hadisələrin qarşısını almaq üçün hərəkətə keçən Ankara, Suriyaya tanklar və zirehli maşınlar da daxil olmaqla çox sayda hərbi texnika göndərib. Türkiyə bir tərəfdən də rejimin hücumlarını dayandırması üçün Rusiya ilə danışıqlar aparır. Ərdoğan isə, rejimə fevral ayının sonuna qədər vaxt verib və Soçi razılaşmasında nəzərdə tutulmuş sərhədlərinə qayıtmayacaqları təqdirdə əməliyyat keçiriləcəyini bəyan edir.
Belə bir vaxtda NATO-nun İdlibdə Türkiyəyə hərbi dəstək planının olmadığı məlum olub. Bu barədə Rusiyanın dövlət agentliyi TASS bir NATO diplomatının açıqlamalarına yer verib. Türk əsgərlərinin şəhid edilməsinin son dərəcə faciəli bir hadisə olduğunu söyləyən diplomat, ancaq, NATO ölkələrinin Türkiyənin gözlənilən İdlib əməliyyatına dəstək verməyəcəyini dilə gətirib.
Diplomat, Türkiyənin Suriyada NATO ilə birlikdə deyil "tək tərəfli" hərəkət etdiyini, dolayısı ilə əsgərlərin şəhid edilməsinin NATO-nun 5-ci maddəsini aşdığını və bu səbəbdən də gözlənilən hərbi əməliyyata dəstək verməyəcəklərini ifadə edib.
NATO Sazişinin 5-ci maddəsinə görə, alyansın bir üzvünə edilən hücum bütün üzvlərə hücumu hesab edir.
Bir məqamı xüsusi qeyd edək ki, mümkün İdlib əməliyyatında sözsüz ki, NATO-nun əzəli rəqibi Rusiya və İran Suriyanın yanında yer alacaq. Yəni Türkiyə tək rejimlə deyil, Rusiya və İran dəstəkli qüvvələrlə də qarşı-qarşıya gələ bilər.
Digər bir məqam, əvvəllər də Suriyadan edilən raket hücumlarına qarşı Türkiyənin çağırışlarına baxmayaraq, NATO Ankaraya dəstək verməmişdi.