Suriyanın İdlib bölgəsi ətrafında yaranmış vəziyyətə görə hələlik diplomatik danışıqlara üstünlük verən Ankara Rusiya ilə danışıqları davam etdirir, bununla yanaşı hərbi variantını da masada saxlayır.
Baki-xeber.com xəbər verir ki, Əsəd rejimin İdlibdəki irəliləyişi Türkiyə və Rusiya arasında gərginliyi artırıb. Digər tərəfdən də bölgədə gərginliyi azaltmaq və problemi həll etmək üçün Ankara-Moskva xəttində diplomatik təmaslar davam edir.
Bu çərçivədə keçən həftə Rusiyadan bir heyət Ankarada səfərdə olub. Gərginliyin yüksəldiyi bir vaxtda təsadüf edən görüş nəticəsiz başa çatmışdı. Bu gün isə hərbi və diplomatlardan ibarət türk heyəti Moskvaya səfər edib. Təbii ki, müzakirələrin əsas mövzusu yenə də İdlib ətrafında yaranmış vəziyyət olacaq.
Türkiyə israrla Rusiyadan Əsəd rejiminin bölgədəki irəliləyişini dayandırmasını tələb edir. Bir neçə gün əvvəl isə Kreml Rusiya və Əsəd rejiminə qarşı hücumları dayandırmağa çağırıb. Rusiyanın Türkiyədəki səfiri isə Əsəd rejiminin bölgədəki hərəkətlərinə haqq qazandıraraq, heç kimin rejimi dayandıra bilməyəcəyini demişdi: "Suriya ordusu ərazilərinin hər bir hissəsini geri almağa qərar verdi. Təkrar edirəm, öz suveren ərazisini. Suriya ordusu öz torpaqlarında öz xalqı üçün mübarizə aparır".
Bütün bunlar danışıqların nə qədər gərgin olduğunu göstərir. Hələlik diplomatiyaya üstünlük verən Ankara, Rusiya ilə danışıqlardan konkret nəticə olmasa, hərbi variantı da masada saxlayır. Bu çərçivədə Türkiyə İdlibə hərbi qüvvə toplayır. Türk ordusu və Suriya Milli Ordusu hərəkətə keçmək üçün əmr gözləyir.