Seyid Camal Əzimbəyli: “Nizamnamədən xəbəri olmayan, dini icmaya rəhbərlik edən bəzi şəxslərin dini dəyərlərə necə riayət edəcəyi sual doğurur”
Dini icmaların ləğv edilməsinə dair səlahiyyətilərin Dövlət Komitəsinə verilməsi təklif olunur. Belə bir təkliflə bir neçə gün öncə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə "Dövlət-din münasibətlərinin hüquqi bazası” mövzusunda keçirilən respublika müşavirəsində Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov çıxış edib.
O qeyd edib ki, Ədliyyə Nazirliyində 2000-ci ilə qədər qeydiyyatdan keçən dini icma var ki, hüquqi ünvanları şəxsi ev, yaxud qarajdır: “Ancaq qanunvericiliyə dəyişiklik ediləndən və dini icmalar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qeydiyyatdan keçəndən sonra belə hallara yol verilməyib. Bu gün həmin dini icmaların dövlət qeydiyyatının ləğvi də müəyyən problem yaradır: Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi də bu problemin mövcudluğunu etiraf edir. Belə dini icmaların qeydiyyatını Dövlət Komitəsi ləğv edə bilməz, bunun üçün Dövlət Komitəsi məhkəməyə müraciət etməlidir. Yaxud qeydiyyatdan keçmiş dini icmalar, dini icmaların sədrləri var ki, artıq illərdir fəaliyyət göstərmirlər. Görürsən ki, dini icmanın sədri ölkədə deyil, yaxud ölkədə elmi və digər fəaliyyətlə məşğuldur. Həmin məsciddə başqa bir dini icmanın qeydiyyatı da problemə çevrilir, köhnə dini icmanın sədri hüquqi prosedurlarda iştirakdan imtina edir. Bu halda da yeganə çıxış yolu məhkəmədir".
Dini icmaların qeydiyyatı və onların ləğv olunmasına dair işlər hansı şəkildə həll edilməlidir?
İlahiyyatçı Seyid Camal Əzimbəyli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, bəzi dini icma rəhbərləri nizamnamə ilə tanış deyillər. Nizamnamədən xəbəri olmayan, dini icmaya rəhbərlik edən bəzi şəxslərin dini dəyərlərə necə riayət edəcəyi sual doğurur: “O şəxslərin din-dövlət münasibətlərində necə rol oynayacağı, eyni zamanda Azərbaycanın milli mənafeyi üçün hansı işlər görəcəyi şübhə doğurur. Ancaq təqdir olunası dini icmalar da var. Hansı ki, o icmalar Azərbaycanın milli maraqlarını düşünülər, bu sahədə yetərli biliyə malikdirlər, həmçinin, din-dövlət münasibətlərinin möhkəmlənməsi üçün lazımınca işlər görürlər. Bu tip dini icmalara dəstək vermək olduqca əhəmiyyətlidir”.
Həmsöhbətimizin sözlərinə görə, Azərbaycan üçün təhlükəli sayılan dini icmaların fəaliyyətinin dayandırılması zəruridir.
Günel CƏLİLOVA