Eyyub Hüseynov: “Gün eynəklərinin satışının qanuni şəkildə aparılması müsbət haldır, ancaq gün eynəklərini təyin edən mükəmməl həkimlərin yetişməsi, xüsusi avadanlıqların olması da önəmlidir”
Artıq Azərbaycanda həm optik, həm də gün eynəklərinin həkim məsləhəti olmadan satılmasına icazə verilməyəcək.
Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev media nümayəndələrinə açıqlamasında qeyd edib ki, bununla bağlı komitə tərəfindən "Optika haqqında" qanun layihəsinin ilkin variantı artıq hazırlanıb: "Biz qanun layihəsini müvafiq nazirliklərə və təşkilatlara göndərəcəyik. Müsbət rəylər və hansısa təkliflər gəldikdən sonra onları nəzərə alacağıq. Payız sessiyasında bu məsələ komitəmizin gündəliyində olacaq. Ondan sonra yəqin ki, biz qanun layihəsini plenar iclasa tövsiyə edəcəyik".
M.Quliyev vurğulayıb ki, bir çox ölkələrdə belə qanunlar var: "Azərbaycanda da bu sahədə qanunvericilik gücləndirilməlidir. Çünki söhbət təkcə gün eynəklərindən getmir, burada eyni zamanda optik eynəklərin keyfiyyəti, ölçüləri, yaş və xəstəlik xüsusiyyətləri önəmlidir. Xüsusilə yay mövsümündə hər kəs, demək olar ki, eynəkdən istifadə edir, amma əksər istifadəçilər bilmir ki, o eynəklər gözə uyğundur, ya yox. Buna görə də belə bir qanunla hüquqi tənzimləmə vacibdir. Optik eynəklər də, gün eynəkləri də həkim məsələhəti ilə alınmalıdır. Gün eynəklərini də hər kəs hər yerdə sata bilməz. Yaxud da mənşəyi məlum olmayan eynəklər satıla bilməz. Bunların hamısı qanun layihəsində əksini tapıb. Eynək satışı və idxalı ilə məşğul olan şəxslər müvafiq kurslar keçməli, ən azı, sertifikata malik insanlar olmalıdır".
Optik və gün eynəklərinin həkim məsləhəti olmadan satışının qadağan olunması ilə bağlı fikir bildirən Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, hər bir mal üçün ayrıca qanunun qəbul olunması o dərəcədə effektli deyil. Ancaq gün eynəklərinə xüsusi nəzarətin tətbiq olunması lazım idi: “Bəllidir ki, şəhərin istənilən yerində, hardan gətirildiyi bəlli olmayan gün eynəkləri satılır. O tip gün eynəklərinin insanın görmə qabiliyyətinə necə təsir etməsi barədə dəfələrlə ictimaiyyətə məlumat verilib. Gün eynəklərinin satışının qanuni şəkildə aparılması müsbət haldır. Ancaq gün eynəklərini təyin edən mükəmməl həkimlərin yetişməsi, xüsusi avadanlıqların olması da önəmlidir”.
Həmsöhbətimiz optik eynəklərin həkim icazəsi ilə satışına gəlincə, bildirdi ki, bu tip eynəklər sertifikatlaşdırılmalıdır: “Apteklərdə necə gəldi satışı dayandırılmalıdır. Elə apteklər var ki, orada həkim göstərişi olmadan istənilən şəxsə optik eynək satırlar. Belə bir qanun qəbul olunsa, optik və gün eynəklərinin necə gəldi satışına rast gəlinməyəcək”.
Günel CƏLİLOVA