İlqar Orucov: “Təhsilin yüksək pilləsi sayılan magistr və doktorantlara elmi araşdırma aparması üçün tələbə kreditlərinin verilməsi daha faydalıdır”
Xəbər verildiyi kimi, magistr və doktorantlar tələbə krediti ala biləcək. Tələbələrə təhsil almaqda yardım göstərən və onların hər birinə bərabər imkanlar yaradan “Maarifçi” Tələbə Kredit Fondu öz fəaliyyəti istiqamətində yenilikləri gerçəkləşdirməyə başlayıb.
Yayılan məlumata görə, artıq 14 ali təhsil müəssisəsi Fondla əməkdaşlıq edir. Bu siyahıya Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Gəncə Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Xəzər Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti daxildir.
Fond nümayəndəsi mediaya açıqlamasında qeyd edib ki, hazırda ancaq bakalavrlar Fonddan yararlana bilirsə də, növbəti illərdə bu kreditlər digər təhsil pillələri üzrə təhsil alan tələbələrə də şamil oluna bilər.
Magistr və doktorantların tələbə kreditindən yararlanması bu sahə ilə məşğul olanlar tərəfindən müsbət qarşılanır.
Aspirant və Magistrlər Cəmiyyətinin sədri, AMEA Gənclərin İntellektual İnkişaf Mərkəzinin direktoru İlqar Orucov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, tələbələrə tələbə kreditinin verilməsi Azərbaycan üçün yenilikdir. Təhsil pillələrinə kredit ayrılması müsbətdir: “Magistr və doktorantlar üçün tələbə kreditinin ayrılması olduqca vacibdir. Çünki təhsilin yüksək pilləsi sayılan magistr və doktoranturada təhsil alanlar üçün tələblər daha yüksəkdir. Nəzərə almaq lazımdır ki, bu pillələr həm də elmi pillələr sayılır. Magistr və doktorantların elmi tədbirlərə ezam olunması ilə bağlı çətinliklər yaranır. Onların araşdırma aparması üçün vəsait tələb olunur. Bakalavrda təhsil alanlar üçün belə xərclər tələb olunmur. Ancaq bu pillələrdə təhsil alanlara elmi araşdırma aparması üçün tələbə kreditlərinin verilməsi daha faydalı olar”.
Həmsöhbətimizin fikrincə, dokrorantura və magistr pilləsində təhsil alanlara tələbə krediti ayrılsa, onlar öz üzərində daha mükəmməl işləyəcək.
Günel CƏLİLOVA