Rafiq İsmayıl: “Müəllimlərin sosial durumu normal olarsa, bu hal onların dərs başa salma keyfiyyətinə də təsir edəcək”
Məlum olduğu kimi, Prezident İlham Əliyevin sərəncamı ilə müəllimlərin əməkhaqqı artırılıb. Sərəncama əsasən, "Dövlət ümumtəhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 yanvar tarixli 994 nömrəli Sərəncamında dəyişiklik olunub:
1. "Dövlət ümumtəhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 yanvar tarixli, 994 nömrəli Sərəncamına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 1, maddə 38) aşağıdakı məzmunda 1-1-ci hissə əlavə edilsin:
"1-1. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2017-ci il yanvarın 1-dən keçirdiyi mərkəzləşdirilmiş müsabiqə yolu ilə dövlət ümumtəhsil müəssisələrinə işə qəbul olunan müəllimlər diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərə bərabər tutulsunlar”.
Müəllimlərin əməkhaqqının artırılmasının əhəmiyyəti barədə danışan təhsil eksperti Rafiq İsmayıl “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, əməkhaqqı baxımından ən aşağı səviyyədə olan işçi müəllimlərdir. Bu səbəbdən də müxtəlif yollarla müəllimlərin həm iş keyfiyyətlərinin, həm də əməkhaqlarının artırılması istiqamətində müəyyən işlər görülürdü: “Prezidentin imzaladığı sərəncam da məlum vəziyyətdən irəli gələn tədbirdir”.
Həmsöhbətimizin fikrincə, müəllimlərin əməkhaqqının artırılması həm müəllimlər, həm də məktəb üçün xeyirlidir. Təhsil işçilərinin əməkhaqqının artırılması ilk növbədə onların sosial durumunun yaxşılaşmasına təsir edəcək. Müəllimlərin sosial durumu normal olarsa, bu hal onların dərs başa salma keyfiyyətinə də təsir edəcək.
Günel CƏLİLOVA