Elə bil milyon il idi ki, dünyada idi, hər şeydən doymuşdu. Bəzən fikirləşirdi ki, kaş bir kimsəsiz ada olaydı, canını götürüb ora sığınaydı. Ancaq o ada xəyallarında və yuxularında görünürdü. Hər səhər dan yeri ağarar-ağarmaz, pəncərənin pərdələrini qaldırıb göy üzündə son ulduz sönənə qədər səmadan gözünü çəkmirdi. Ürəyindən keçirirdi ki, ulduzlar xoşbəxtdir. Ona görə xoşbəxtdir ki, gecələr yenidən göylərin yaxasına düzülür. İnsan isə heç vaxt tam xoşbəxt ola bilmir.
Çünki itirdiyini sonradan qaytara bilmir. Ana da balasını itirmişdi. Balasını itirdiyi gündən sancı içində qovrulurdu. Sancmayan yeri yox idi. Elə bil ağrı iynə olub canı boyu gəzişirdi, arada bir də ürəyindən sancırdı. Sevil ananın içində bir sual vardı ki, hey onu incidirdi. Aydını hər gecə yuxuda görsə də, heç vaxt balasına toxuna bilmirdi. Sanki Aydınla onun arasında şəffaf bir şüşə vardı, onlar bir-birini şüşədən görürdü. Ana hər dəfə şəhid oğlunu röyasında görəndə ona toxunmaq istəyirdi, ancaq əlləri havadan asılı qalırdı. Şəhid anası qara geyib, qara bağlayar başına. Həmişə matəmdə olar şəhid anası, üzü gülməz, təbəssüm birdəfəlik onun çöhrəsini tərk edər. Ananın içində bir inilti vardı bu biçimdə. Dörd il idi ki, oğlu şəhid olmuşdu. Dörd il idi ki, hər gün oğlunu gözləyirdi, həmişə onun qayıdacağına inanırdı. Ananın şəhid oğlu ilə bağlı arzuları çox idi, lap çox. İstəyirdi ki, balasının adı əbədiləşdirilsin, ölümündən sonra ona ad verilsin, haqqında kitab yazılsın. Ana çox istəyirdi ki, Aydının qısa, lakin mənalı ömrü kitablaşsın. O inanırdı ki, oğlunun döyüş yolu, cəbhə həyatı, səngərdə keçirdiyi günlər qələmə alınsa, Aydını əbədi yaşayacaq. Həmişə həyat yoldaşına deyirdi:
- Soltan, mən onsuz da xəstəyəm, dərdimin çarəsi yoxdur. Birdən ölərəm Aydın haqqında kitab yazılmaz.
Əmirsoltan kişi arvadına təsəlli verirdi:
- Ay Sevil, ölümdən nə danışırsan... O kitabı yazan tapılacaq, narahat olma. Sən gözünlə görəcəksən o günü...
Əmirsoltan kişi xəstə arvadını min cür şirin dillə ovudurdu.
Aydın şəhid olduqdan sonra Əmirsoltan kişinin ürəyi lap nanə yarpağı kimi titrək olmuşdu, ən xırda bir söz də ona təsir edirdi.
- Soltan, Aydının səsi yadında qalıb?
Arvadının verdiyi qəfil sual kişini bir anlıq susmağa məcbur etdi. Gözündən yaş süzülən Əmirsoltan kişi dilləndi:
- De heç o səsi unutmuşam ki... Uşaqlıq səsi də qulağımdadır hələ.
- Soltan, Aydının səsini milyonlarla adamın arasından seçib tanıya bilərəm. Gözlərim kor olsa belə, ürəyimlə hiss edərəm balamı. Saçına sığal çəkərəm, boyunu sevib oxşayaram, üzündən öpərəm, bağrıma basaram, onun üçün nələr etmərəm nələr...
Sevil ana danışdıqca həyəcanlanır, dərin sarsıntı keçirirdi.
Əri otaqdan çıxdıqdan sonra dərin fikrə daldı. Fikri elə dolaşıq idi ki... Boynundakı muncuğu oynada-oynada dolaşıq fikrinin düyünlərini açmağa çalışırdı. Ancaq nə illah edirdisə, fikrinin ilgəyi əlinə keçmirdi. O qədər hövsələsiz idi ki, nə edəcəyini bilmirdi, hirsini-hikkəsini muncuqdan çıxmaq istəyirdi elə bil. Başından qara yaylığını çıxarıb dizlərinin üstünə sərdi, pərişan saçlarını dəstələyib bağladı, sonra yaylığı başına çəkdi. Ana dörd il idi ki, ümidsizlik məngənəsində sıxılırdı. Fikir etməkdən canında can, ürəyində təpər qalmamışdı. Ananı rəncidə saxlayan səbəb vardı. Heç yerdə oğlunun kiçik toyunun videokasetini tapa bilmirdilər. Hara qoymuşdular, kimə vermişdilər, yaddan çıxmışdı. Ana hər yerdə oğlunun səsini gəzirdi. Oğlanlarına, gəlinlərinə deyirdi:
- Siz də evə baxın, görün Aydının kiçik toyunun kaseti sizdədirmi? Heç yerdən tapa bilmirəm. Kimin telefonunda balamın səsi var, diskə yazdırıb mənə versin, darıxıram onun səsi üçün. Bir daha balamın səsini eşitsəm, xəstə canım sağalar bəlkə də. Öz telefonunda da səsi vardı, başımız qarışdı, fikir vermədik, telefondan da səsi pozulub. Ay başınıza dönüm, hanı balamın səsi?
Sevil ana qüssəli-qüssəli danışır, suallarına cavab axtarırdı. Nəvəsinin köməkliyi ilə kreslodan ayağa qalxmağa çalışırdı ki, dolablara bir də baxsın, bəlkə Aydının kiçik toyunun kaseti oralardadır.
Uşaqlar anaya dedilər ki, gecə səhərəcən yatmayıb, gedib gözünün çimirini alsın. Yalvar-yaxar edib Sevil ananı yatmağa göndərdilər. Ana çox çətinliklə yuxuya getdi.
Hər tərəf işıq idi. İşıq adamın gözünü qamaşdırırdı. İşığın içində Aydının siması görünürdü. Ana əllərini irəli uzadıb balasına toxunmaq istəyirdi. Ancaq nə qədər edirdisə, əlləri ona çatmırdı. Bir addımlıqda dayanmışdı Aydın. Saçları pərişan idi ananın, qara yaylığı çiyinlərinə sürüşüb düşmüşdü. Həyəcandan nəfəsi tutulurdu. Oğlu yerindəcə donub qalmışdı. Ana yenə əllərini oğluna sarı uzatdı, yenə də əli çatmadı.
- Aydın, sənə niyə əlim çatmır, nə üçün sənə toxuna bilmirəm. Saçını sığallamaq, səni bağrıma basmaq istəyirəm. Amma əlim sənə çatmır ki, qucaqlayam boyunu.
Aydından səs çıxmırdı, ananın səsi isə qarşıdakı dağlarda əks-səda verirdi. Ana ilə oğul dağlar qoynunda görüşmüşdü. Dağlardan əsib gələn meh Aydının saçını dalğalandırırdı, bircə ananın əlləri çatmırdı ona. Ana oğluna tərəf baxıb ona yalvarırdı.
- Qurban olum, bala, evimizə qayıt, burada tək-tənha nə edirsən? Ac-susuz bu çöllərdə nə işin var sənin?
Aydın başını qaldırıb əvvəlcə anasına, sonra isə göyə baxdı. Sanki yavaş-yavaş ananın qarşısından uzaqlaşırdı Aydın. Hansısa bir qüvvə onu göylərə dartırdı. Ana yenə əllərini oğluna sarı uzatdı:
- Getmə, oğlum, nə olar getmə...
- Ana, mən artıq göylərdəyəm. Oradan hər gün sənə baxıram, -deyib Aydın qeybə çəkildi.
Ana qan-tər içində yuxudan ayıldı.
- Aydın niyə qaçır axı məndən? Bilmirmi ki, xəstənin könlü nar istəyən kimi, mənim də könlüm onu istəyir, - deyə arvad ağlamsındı.
Sevil ana nəvəsi Leylini səslədi:
- Qızım, gəl bura.
- Nə deyirsən, nənə?
- Qızım, şkafın siyirməsindən Aydın əminin dəftərini gətir bura.
- Yaxşı, nənə, indi gətirərəm.
Leyli Aydının əl boyda dəftərçəsini gətirib nənəsinə verdi. Sevil ana əlləri titrəyə-titrəyə dəftərçəni vərəqləməyə başladı... Hər gün şeiri təkrar edirdi.
- Ürəyinə qurban, Aydın, sən mənə nə qədər şeir yazıbsan, məni nə qədər çox istəyirmişsən.
Ürəyim heydən düşüb artıq, bala, dözümüm qalmayıb heç.
Əmirsoltan kişi xeyli keçdikdən sonra əlində kitab evə qayıtdı. Aydın şəhid olandan sonra kişi yaman kövrək olmuşdu, harada şəhidlərə aid bir kitab, yaxud şeir görürdüsə, onu evə gətirib arvadına oxuyurdu. Budəfəki kitab Nəzakət xanımın Türkiyədə nəşr olunan şeirlər kitabı idi. O, kitabı arvadına göstərərək:
- Sevil, burada bir yaxşı şeir var, oxudum ürəyimin yarası yenidən qanadı. Elə bil ki, sənə yazılıb bu şeir...
- Soltan, oxu...
- Nəzakət xanım yazır: "Əsl məhəbbətin dəyərini analar bilir. Ən böyük sevgi də anaların qəlbində yaranır. Heç bir sevgi ana məhəbbətini, ana şəfqətini əvəz edə bilməz. Yaranışın möcüzəsi, dünyanın əvəzsiz, bənzərsiz varlığıdır analar. Sevgisi də, hikməti də təmənnasız olan analar...
Analar bəşəriyyətin əxlaq zəmanətçiləri, ruh, mənəviyyat daşıyıcılarıdır. Ən güclü, ən dözümlü, dəyanətli varlıqdır analar. Bəlkə elə bu səbəbdən də torpaq uğrunda şəhid verdikləri övladlarının dərdinə tablaşır, onlardan ayrıla, üzülə bilmirlər. Bu yerdə Sokratın bir fikrini xatırlayıram: "Qırılması mümkün olmayan yeganə tel ana ilə övlad arasındakı teldir". Bu teli qırmaqda ölüm də gücsüzdür...
Övlad itkisi ən ağır dərd, bu dərdlərin ən şərəflisi də şəhid anası olmaqdır. Ancaq bu şərəfə, bu qürura söykənib dağdan ağır dərdi çəkə bilir analar. Çünki şəhidlik ən uca zirvədir.
Diz çöküb məğrur dözümün, səbrin, iradən qarşısında baş əyirəm, şəhid anası!".
Haqqa qovuşduran şəhid zirvəsi,
Göyləri titrədir ahı, naləsi,
Ana layla deyir qəbir daşına.
Hər gün qucaqlayıb soyuq məzarı,
Sanki gəlib keçir beşik başına,
Həzin layla çalır qəbir daşına.
Oğullar içində gəzir oğlunu,
Güc verir gözünün həsrət yaşına.
O qədər sözü var, kimə desin ki,
Dərdini söyləyir məzar daşına,
Ana sığal çəkir məzar daşına.
Gündə bir arzusun söyləyir ana:
Axı heç keçmədin bəy otağına.
Xonçanı tutmadım, xına yaxmadım
Gülüzlü gəlnimin əl-ayağına,
Ana gileylənir qəbir daşına.
Göylərə yalvarır məni də apar,
Sözümü deməyə çatım taxtına.
Göylərdən səs gəlir: Sənin oğlunun
Şəhid ucalığı düşüb bəxtinə.
Ana laylay deyir şəhid oğluna.
Oğlunun qəbrinin üstünə gedən
Ananın harayı dərdin səsidir.
Tanrı dərgahında uca sayılan
Oğlunun yetdiyi şəhid zirvəsi
Ananın yeganə təsəllisidir.
Hər ikisi şeirdən çox təsirlənmişdi. Əmirsoltan kişi həyat yoldaşına üzünü tutaraq:
- Sevil, elə bil bu şeir sənin üçün yazılıb.
Sanki o bizim evdə oturub, müsibətimizi gözü ilə görüb. O qədər təsirli yazıb ki, şeiri...
- Soltan, bu şeiri çərçivəyə sal qonaq otağından asaq. Hər gün oxumaq istəyirəm onu. Çünki bu şeirdə mən özümü görürəm.
Sevil ana gözlərini bir nöqtəyə dikib dayanmışdı. Gözü yol çəkirdi. Amma yaxşı bilirdi ki, gözlədiyi bir dəfə qapını açıb içəri girməyəcək. Ananın ümidləri də özü kimi yorğun idi. Çiyinlərində və ürəyində dörd ilin qüssə, həsrət yükü vardı ananın. Cəmi 23 bahar görmüş balasının ona yadigar qoyub getdiyi dərdi əbədi yaşamağa məkhum edilmişdi o.
Arvadını fikir qasırğasında görən Əmirsoltan kişi dünən səhər baş verən bir hadisə ilə Sevil ananı ovutmaq istədi.
- Başım elə qarışıb ki, sənə bir xəbəri çatdırmamışam. Dünən Aydının qəbri üstünə gedəndə onun məzarının üstündə yenə gül-çiçək gördüm. Kimsə tez-tez yada salır balamızı. Elə Aydının məzarına yenicə çatmışdım ki, rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov Aydının məzarını ziyarət etməyə gəldi. Çox sağ olsun, oğlumuzun ruhuna böyük ehtiram göstərir. Rayon rəhbərliyindən çox razıyam. Ümid edirəm ki, Aydının adının əbədiləşdirilməsi tezliklə baş verəcək. Ölkə rəhbərliyi şəhid ailələrinə, şəhidlərin ruhuna böyük ehtiram göstərir.
Sevil ana da, Əmirsoltan kişi də Suraxanı Rayon İcra Hakimiyyəti rəhbərliyindən yerlə-göy qədər razı idi. Çünki başçı heç vaxt Aydının ailəsini unutmurdu.
Axşam tərəfi idi, qapının zəngi çalındı. Balaca Fatimə anasından əvvəl qapıya tərəf qaçdı. Qapının arxasına gəlib qışqırdı:
- Kimdir?
- Fatimə, mənəm, Vəfa bibin. Fatimənin anası Roza qapını açdı. Vəfa özü ilə evə bir işıq, sevinc gətirdi. Vəfa sevimli bibisinin boynuna sarıldı.
Vəfa Aydının xalası qızı idi. Ona Aydın da, qardaşları da bacı deyirdi. Uşaqlıqdan Aydınla birgə böyümüşdü. Qardaş-bacı doğmalığı, məhəbbəti vardı aralarında. Hərdən-bir onlara elə gəlirdi ki, heç xalaoğlu, xalaqızı deyillər, doğmaca qardaş-bacıdılar. Vəfa xalasının iztirab çəkdiyini, tez-tez xəstələndiyini, ağrılarla çarpışdığını yaxşı bilirdi.
- Xalam haradadır, - deyə Rozadan soruşdu.
- Qonaq otağında kresloda oturub.
Vəfa qonaq otağına keçdi, xalasını məyus görüb kövrəldi. Xalasının boynunu qucaqlayıb başını onun başına söykədi.
- Eşitdim yenə xəstələnibsən, xala, indi necəsən?
- Sağ ol qızım, babatam indi.
Xala-bala xeyli dərdləşdilər. Aydından danışdılar. Vəfa gözləri dola-dola:
- Xala, hər gecə qaqaşımı yuxuda görürəm. Bu gecə gördüm ki, bizə gəlib, özü də uçan xalçada. Qəribə yuxu idi.
- Aydın bizim milli xalçalarımızı çox sevirdi, bala. Bilirsən ki, bizim Şabran qadınları tarixən xalçaçılıqla məşğul olub. Şabran xalçaları bu gün də öz gözəlliyi, çeşniləri ilə seçilir. Rəhmətlik qaynanam İşvə ana xalçaçı idi. O saysız xalça toxuyub. Bu xalçaların hər biri bir dünyadır. Özü də ki, onun toxuduğu xalçalar indi də muzeyləri bəzəyir.
İşvə ana nəvələrinin hamısını çox istəyirdi, amma Aydına ayrı cür sevgisi vardı. Aydını görəndə arvadın gözlərinə işıq gəlirdi. Hər dəfə Zeyvəyə gedəndə görürdük ki, xalça toxuyur. Hey deyirdi ki, ən böyük arzum Aydının adına xalça toxumaqdır. Qaynanam deyirdi ki, Allah möhlət versin, balamın bəylik otağına bir xalça toxuyum. Amma ömür vəfa etmədi, qızım, qaynanam rəhmətə getdi. Yaxşı ki, o, Aydının müsibətini yaşamadı, qızım.
Vəfa gözlərini Aydının divardan asılan şəklinə dikmişdi.
- Xala, bayaq bloka girəndə qaqamın xatirə lövhəsinə o qədər tamaşa elədim ki...
- Sağ olsun qonşumuz Fazil qardaş, o lövhəni ora o vurdurdu. Aydına əmi qədər hörmət etdi. Allah yaxşı qonşuların, yaxşı insanların dadına yetsin. Aydın şəhid olandan sonra nə Fazil qardaş, nə də Dürrə xanım bizdən ayağını kəsmədi, qohum-əqraba qədər bizə yandılar, qayğımıza qaldılar, dərdimizə şərik oldular. Biz onlardan o qədər qayğı, sevgi görmüşük. Atalar yaxşı deyib, uzaq qohumdan yaxın qonşu yaxşıdır.
- Xala, bütün yaxşı insanlar sağ olsun. Fazil dayı Aydının yas mərasimində əvvəldən axıra qədər iştirak etdi, bizə dayaq oldu. Dürrə xala da biz ağlayanda ağladı, biz kiriyəndə kiridi. Mənim qaqaşımı hamı çox istəyirdi, xala. Bu il sentyabrın 29-da Aydının 27 yaşı tamam olacaq. Dörd ildir qardaşımın boyunu yox, məzar daşını qucaqlayırıq. Qaqaşım üçün elə darıxıram ki. Onun zarafatları, şirin söhbətləri heç yadımdan çıxmır. Hara gedirəmsə, orada qaqaşımın izini görürəm.
Zeyvədə də hamı qaqaşımı çox istəyirdi. Qaqaşım da zeyvəliləri çox istəyirdi. Yay gələn kimi deyirdi ki, bacı, kəndə gedək.
- Taleyin işidir, qızım, fələk yazanı biz poza bilmərik. 23 il yaşadı, ancaq elə yaşadı ki, hamının yadında qaldı. Balamın şəkli ilə hər gün danışıram, hər gün deyirəm ki, bala, gözlərinə qurban, nə vaxt qayıdacaqsan? Gözləri gözümə deyir ki, mən heç yerə getməmişəm, evimizdəyəm, xatirələrinizdəyəm, ürəyinizdəyəm, sənin gözlərinin yaşındayam, ana. Mən çox bəxtəvər idim, qızım, Aydın məni bəxtəvərlik taxtımdan endirdi. İndi Aydının qara yaylıqlı, ürəyi qübarlı, boynu buruq anasıyam... Mən şəhidlik zirvəsinə ucalmışam, bu sənin üçün təsəlli deyilmi - deyir? Böyük təsəllidir, oğlum, şəhid adına, qəhrəman zirvənə qurban.
Ana hönkürdü, Vəfa da ona qoşuldu. Divardan Aydının şəkli boylanırdı. İki ürək parçasının naləsi şəhidin sükuta dalmış şəklini də ağladırdı. Analar, bacılar ağlamasın deyirdi Aydın. Amma özü ana və bacısını, xalasını, doğmalarını ağlar qoyub torpağa köçdü. Torpağa köçənlər geri qayıtmasa da, ruhları həmişə bizim yanımızda olur.
Şəhid Aydın, igid Aydın, Vətən torpağına baş qoyub elə yatırsan ki, elə bil anan Sevilin dizlərinə baş qoymusan. Əbədi həyatın, uca şəhidliyin mübarək!
İradə SARIYEVA