Mahirə Əmirhüseynova: “...Reallığı təhrif edən növbəti statistik manipulyasiya alətidir”
Corctaun Qadınlar, Sülh və Təhlükəsizlik İndeksində (WPS Index) Azərbaycana qarşı qərəz nümayiş etdirir. Belə ki, Ermənistan Corctaun Qadınların Təhlükəsizliyi və Rifahı İndeksində Ermənistana 56-cı yer verilib, Gürcüstan 45-ci, Azərbaycan isə 111-ci yerdə təqdim olunub.
Qeyd edirlər ki, 120 ölkənin daxil olduğu reytinq qadınların ictimai həyatda, iqtisadiyyatda, ədalətə çıxış və təhlükəsizlikdə iştirak göstəricilərinə əsaslanır.
Bu institut Azərbaycana qarşı niyə belə qərəzlilik edir? Bizdə qadınlar niyə ermənilərdən, gürcülərdən geridə göstərilməlidir? Bizim qadınların hər sahədə fəal iştirakı var. ABŞ Universitetindən şübhəli reytinqi barədə nə demək olar?
“XXI Əsrin Qadınları” ictimai birliyinin sədri Mahirə Əmirhüseynova baki-xeber.com-a bildirdi ki, Corctaun Qadınlar, Sülh və Təhlükəsizlik İnstitutunun hazırladığı WPS İndeksində Azərbaycanın 111-ci yerdə qərarlaşması ciddi metodoloji qüsurlar və birtərəfli statistik yanaşmalarla əlaqələndirilir. “Hesabatda maliyyə inklüzivliyi, doğuş zamanı cins nisbəti, münaqişə zonalarına yaxınlıq və siyasi təmsilçilik kimi meyarların qiymətləndirilməsi ölkənin real ictimai və iqtisadi mənzərəsini tam əks etdirmir.
Bakıda və ya ölkənin digər şəhərlərində qadınların gündəlik həyatındakı real fiziki təhlükəsizlik səviyyəsi qonşu ölkələrdən heç də geri qalmır”.
M.Əmirhüseynova qeyd etdi ki, Azərbaycan 30 il ərzində Ermənistanın işğalçılıq siyasətindən və hərbi təcavüzündən əziyyət çəkib. “Ölkənin sərhəd bölgələrində hərbi gərginliyin olması Azərbaycan dövlətinin və ya cəmiyyətinin qadına təhlükə yaratması demək deyil. Əksinə, bu, xarici təhdidin nəticəsidir. Bu gün Bakı, Gəncə və digər şəhərlərimiz qadınların fərdi təhlükəsizliyi (gecə vaxtı təkbaşına rahat gəzə bilməsi, kriminal səviyyənin aşağı olması) baxımından dünyanın bir çox Qərb və region ölkələrindən qat-qat təhlükəsizdir. İndeksin bu real asayişi görməzdən gəlib coğrafi koordinatlara xal kəsməsi böyük bir qüsurdur.
Azərbaycan cəmiyyətində ailə institutu çox güclüdür və büdcə əsasən müştərək idarə olunur. Bir çox hallarda ailənin bank hesabı və ya mülkiyyəti formal olaraq ailə başçısının adına rəsmiləşdirilsə də, reallıqda həmin vəsaitlər üzərində qadının tam sərəncam hüququ və söz haqqı var.
Ermənsitan və Gürcüstanda qadınların məruz qaldığı sosial-iqtisadi problemlər, məişət zorakılığı halları və ya işsizlik göstəriciləri Azərbaycandakı vəziyyətdən daha yaxşı deyil. Lakin həmin ölkələrin beynəlxalq donorlardan asılılığı və Qərb fondlarının tələbi ilə qəbul etdikləri formal sənədlər kağız üzərində onların xalını artırır.
Hələ həmin hesabatın daxili rəqəmlərinə baxdıqda, Azərbaycanda qadınlara qarşı "Hüquqi ayrı-seçkiliyin olmaması" göstəricisi 85 xal (100 üzərindən), ədalətə çıxış imkanı isə 1.5 (2 üzərindən) kimi yüksək qiymətləndirilib.
Azərbaycan qanunvericiliyi qadın və kişi hüquqlarının bərabərliyini tam təmin edir, ölkəmiz BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğv edilməsi üzrə konvensiyası kimi mühüm beynəlxalq sənədlərə rəsmi qoşulub. Qanunlar səviyyəsində qadın hüquqlarının bu dərəcədə qorunduğu bir ölkənin ümumi reytinqdə 111-ci yerə layiq görülməsi hesabatın şəxsi qərəzli olmasını göstərir”.
M.Əmirhüseynova bildirdi ki, bu indeks Azərbaycan qadınının real cəmiyyətdəki ali statusunu, təhsilə və səhiyyəyə tam əlçatanlığını, dövlət tərəfindən qorunan hüquqlarını tam əks etdirmir. “Bu, sadəcə olaraq müəyyən beynəlxalq siyasi institutların öz maraqlarına uyğun şəkildə formalaşdırdığı, kəsdiyi rəqəmlərlə reallığı təhrif edən növbəti statistik manipulyasiya alətidir”-deyə M.Əmirhüseynova qeyd etdi.
İradə SARIYEVA