Rusiyanın Sankt-Peterburq yaxınlığındakı Ust-Luqa limanında dron hücumundan sonra yanğın baş verib.
Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko iddia edib ki, Rusiya hava hücumundan müdafiə qüvvələri 52 dronu vurub.
Ust-Luqa, Rusiyanın Baltik dənizindəki ən böyük ticarət dəniz limanlarından biridir. Limandan neft, neft məhsulları, kömür və mineral gübrələr də daxil olmaqla, strateji yüklərin əhəmiyyətli hissəsi keçir.
Liman gündə təxminən 700 min barel neft emal edir. “Reuters” isə 2025-ci ildə Ust-Luqa vasitəsilə neft məhsullarının ixracının 32,8 milyon tonu keçdiyini bildirib. Bundan əlavə, Ukraynanın Qara və Azov dənizlərindəki Rusiya limanlarına hücumlarından sonra taxıl tacirləri tədarükü Ust-Luqa da daxil olmaqla Baltik dənizinə yönəltməyə başlayıblar.
Liman ərazisində Rusiyanın Novatek və EuroChem şirkətləri tərəfindən idarə olunan ərazilər də daxil olmaqla, əsas sənaye və yükdaşıma müəssisələri yerləşir. Ust-Luqa dəfələrlə dron hücumlarına məruz qalıb.
Ukrayna 6 iyul və mart aylarında da Ust-Luqaya hücum edib. Mart ayında baş verən hücumdan sonra liman yük daşımalarını dayandırıb.
Leninqrad bölgəsinə edilən dron hücumundan sonra Estoniya NATO qırıcı təyyarələrini havaya qaldırıb. Estoniyanın xarici işlər naziri Marqus Tsakna bir neçə dronun Estoniya hava məkanına daxil olduğunu və sərhəd bölgələrində hava hücumu xəbərdarlığı verildiyini bildirib.
Tahir TAĞIYEV