Özbəkistan Prezidenti Şavkat Mirziyoyev “ŞƏT - 2040: ümumi inkişaf məkanı” konseptual baxışının hazırlanmasına başlanılmasını təklif edib.
Sövlət başçısı bu təşəbbüslə ŞƏT-in Zirvə görüşündə çıxış edib.
Şavkat Mirziyoyevin sözlərinə görə, təşəbbüsün əsas məqsədi investisiyaların, texnologiyaların və biliklərin sərbəst mübadilə olunduğu, iri infrastruktur və sənaye layihələrinin həyata keçirildiyi, regionlar, biznes və insanlar arasında birbaşa əlaqələrin genişləndirildiyi qarşılıqlı əlaqəli və dayanıqlı məkanın formalaşdırılması olmalıdır.
Özbəkistan Prezidenti, həmçinin ŞƏT-in Sənaye Kooperasiyası Xəritəsinin hazırlanmasını təklif edib. Bu xəritə xüsusi iqtisadi zonaları, istehsal proseslərini, satış bazarlarını və logistikanı birləşdirəcək. Nəticədə biznes, investorlar və dövlət strukturları üçün universal rəqəmsal pəncərə yaradılacaq.
Digər təşəbbüslər sırasında ŞƏT-in su və enerji səmərəliliyi sahəsində 2035-ci ilədək Texnoloji Əməkdaşlıq Proqramının hazırlanması, eləcə də təşkilata üzv dövlətlərin dəmir yolu məkanlarının inteqrasiyası üzrə Şuranın yaradılması yer alır.
Şavkat Mirziyoyev, həmçinin gələn il Daşkənddə ŞƏT-in Süni İntellekt və Yeni Rəqəmsal Həllər Forumunun keçirilməsinə hazır olduqlarını bildirib.
Bundan əlavə, o, təhlükəsizlik və iqtisadi əməkdaşlıqla bağlı geniş məsələlərin müzakirəsi üçün ŞƏT-in Əfqanıstanla müntəzəm dialoqunun bərpa edilməsini təklif edib.