İctimai Televiziyanın (İTV) Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan vətən övladlarının xatirəsinə hər zaman hörmət göstərdiyi bəllidir. İTV zaman-zaman şəhid və milli qəhrəmanlar haqqında filmlər çəkir, verilişlər hazırlayır. İTV-nin bu layihələri ictimaiyyət və şəhid ailələri tərəfindən böyük rəğbətlə qarşılanır. Bu filmlərdən biri də Milli Qəhrəman Məmmədov Kazım Ərşad oğlu haqqındadır. Milli Qəhrəman K.Məmmədovun atası İTV rəhbərliyinə məlum filmlə bağlı təşəkkür məktubu ünvanlayıb. "Bakı-Xəbər"ə daxil olan həmin məktubu olduğu kimi təqdim edirik:
"Hörmətli Cəmil müəllim!
Sizin bir şəhid atasının xahişinə belə diqqət yetirməniz və bu istəyin müsbət həll olunmasına müdaxilə etməniz məni çox sevindirdi. Bu sizin vətənpərvərliyiniz və şəhidlərə dərin hörmətinizin təzahürü idi. Bəlkə də başqası üçün bu işin elə bir əhəmiyyəti yoxdur. Bu həm də şəhidlərə - öz canını vətən torpağı üçün qurban vermişlərə, onların işıqlı xatirələrinə ən böyük hörmət və ehtiramdır. Yəqin ki, Allah da bu cür xeyirxah və savab işləri unutmaz.
Hörmətli Cəmil müəllim!
Oğlum, Azərbaycanın Milli Qəhrəmanı Məmmədov Kazım Ərşad oğlu haqqında belə maraqlı, təsirli və məzmunlu film hazırlanmasına göstərdiyiniz köməyə, təşkilatçılığa görə özüm və Məmmədovlar ailəsi adından Sizə səmimi qəlbdən təşəkkür edirəm.
Allah həmişə Sizə yar olsun!"
Xəbər xidməti