Bakıda hündürmərtəbəli binalardan yanğına həssas olan üzlüklərin sökülməsi prosesinə başlanıb. APA-nın məlumatına görə, artıq Bakıxanov qəsəbəsinin mərkəzində, Xətai və Binəqədi rayonlarında icra hakimiyyətlərinin əməkdaşlarının iştirakı ilə yanğına həssas örtüklərin söküntüsü işi aparılır.
Xətai İcra Hakimiyyəti başçısının müavini Rafiq Əliyev APA-ya artıq söküntü işlərinə başlanıldığını bildirib: "Prezidentin tapşırığı və Bakı Şəhər İcra Hakimiyyəti başçısı Hacıbala Abutalıbovun verdiyi sərəncam əsasında yanğına həssas üzlüklərin sökülməsinə başlanılıb".
İcra başçısının müavini qeyd edib ki, Zığ şossesi boyunca 14 bina və "Qara şəhər"də bir bina olmaqla ümumilikdə Xətai rayonu ərazisində 15 binanın üzlüyü dəyişdiriləcək: "Bu binalarda yanğına həssas üzlüklər daş üzlüklərlə əvəzlənəcək".