Bakının ictimai nəqliyyatında gediş haqqı artırılmayacaq. Trend-in məlumatına görə, bunu jurnalistlərə nəqliyyat nazirinin müavini Musa Pənahov Bakıda keçirilən 14-cü Beynəlxalq "Nəqliyyat, tranzit və logistika" və 5-ci Yubiley Xəzər Beynəlxalq "Yol infrastrukturu və ictimai nəqliyyat" sərgisinin açılışı zamanı bildirib.
Onun sözlərinə görə, tariflərin artırılması nazirliyin planlarına daxil deyil: "Azərbaycanda ictimai nəqliyyatın bütün xidmətləri dövlət tərəfindən tənzimlənir. Hətta yeni müasir avtobuslar istismara verildikdən sonra qiymətlər əvvəlki səviyyədə qalacaq. Vətəndaşlar bilməlidirlər ki, bunlar hətta Avropada geniş yayılmayan daha müasir avtobuslardır. Biz vətəndaşları onlarla diqqətli və səliqəli davranmağa çağırırıq".
Qeyd edək ki, bu ilin I rübündə 65 ədəd orta və çoxtutumlu müasir avtobus gətirilib. Ümumilikdə ölkəyə "Iveco" markalı 300 yeni avtobus tədarük edilib.
"Bakının mərkəzində avtobusların sayının çox olması tıxaclara səbəb olur”. "APA-Economics”in xəbərinə görə, bu barədə nəqliyyat nazirinin müavini Musa Pənahov bildirib.
"İlk Avropa Oyunları zamanı bir-birini təkrarlayan marşrut avtobusları metro stansiyalarının girişlərində öz hərəkətlərini dayandıracaq və əks istiqamətdə hərəkət edəcəklər. Vətəndaşlarımız isə daha çox yeni avtobuslardan, metrodan və şəhərin mərkəzinə gedən xüsusi avtobuslardan istifadə edəcəklər”, - deyə nazir müavini bildirib.