Gəncə Gil-Torpaq İstehsalat Sahəsinin 70 nəfərə yaxın keçmiş əməkdaşı iş zamanı qazandıqları peşə xəstəliyi və baş vermiş istehsalat qəzalarına görə təyin olunmuş müavinətləri ala bilmir. Bu barədə işçilərin narazılığı mediaya yayılıb.
Qeyd edilir ki, dəfələrlə müəssisəyə üz tutan işçilər deyir ki, hər kollektiv müraciət zamanı yığılmış pulun bir qismi ödənilir, ancaq sonra yenidən aylarla davam edən fasilə yaranır: “5-6 ildir ki, biz müavinəti ala bilmirik. Hər dəfə rəhbərliyə müraciət edəndə bizə ancaq “pul yoxdur” sözü deyilir. Rəhbərlik deyir ki, zavod işləmədiyi üçün onlara pul verə bilmir. Ancaq hər kəsə yaxşı bəllidir ki, ehtiyatda olan müəyyən vəsaitlərin satışı həyata keçirilir. Əldə olunan vəsait hesabına yığılmış borcları ödəmək mümkün ola bilər”.
Gəncə Gil-Torpaq İstehsalat Sahəsi: “Keçmiş əməkdaşlara ödənişlərin gecikməsinin səbəbi 2013-cü ildən istehsalat prosesinin dayandırılmasıdır, ancaq bu problemin…”
Məsələ ilə bağlı Gəncə Gil-Torpaq İstehsalat Sahəsindən bildirildi ki, keçmiş əməkdaşlara ödənişlərin gecikməsinin səbəbi 2013-cü ildən istehsalat prosesinin dayandırılmasıdır. Ancaq bu problemin birdəfəlik həll edilməsi üçün əlaqədar dövlət təşkilatları ilə birgə iş aparılır: “Bu problemin həll olunması ilə bağlı lazımi işlər görülür. İnşallah yaxın günlərdə problem öz həllini tapacaq. İşçilərin müavinəti dövlət tərəfindən də verilə bilər. Ümumiyyətlə, müəssisənin içilərə yığılıb qalmış borcunun miqdarı 400 min manatdan artıqdır. Məsələ həllini tapdıqdan sonra bu borcları ala bilmədən dünyadan köçmüş əməkdaşların qanuni vərəsələri eyni hüquqdan yararlana biləcəklər".
Hüseyn Axundov: “Müəssisə fəaliyyət göstərməsə belə, işçilərin ödənişi tam şəkildə həyata keçirilməlidir”
Hüquqşunas Hüseyn Axundov qeyd etdi ki, qanunvericiliyə əsasən, işçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq müəssisə maddi məsuliyyət daşıyır. Bu zərər təqsirkar müəssisələrdə gəlir hesabına, büdcədən maliyyələşdirilən müəssisələrdə isə büdcə vəsaiti, yaxud büdcədənkənar vəsaitlər hesabına “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ödənilir: “İşçilər hüquqlarını qorumaq üçün məhkəməyə müraciət edə bilər. Müəssisə rəhbəri həmin şəxslərin müavinətini ödəməlidir. Müəssisə fəaliyyət göstərməsə belə işçilərin ödənişi tam şəkildə həyata keçirilməlidir”.
Günel CƏLİLOVA