Ali təhsilli olmaq hər kəsin arzusudur. Bu gün ölkəmizdə bütün sahələr kimi təhsil sahəsi də inkişaf etdirilir. Hər il maksimum bal toplayanların sayı artır. Amma bütün bunlarla yanaşı, öz adını belə yaza bilməyən gənclərimiz də var. Xüsusilə vurğulamaq lazımdır ki, kənd yerlərindəki qızların əksəriyyəti ya oxumaqdan imtina edir, ya da valideynlərinin məsuliyyətsizliyi üzündən təhsildən kənar qalırlar.
Problemin ağrılı tərəfi odur ki, bu gün bəzi valideynlər dəridən-qabıqdan çıxırlar ki, qızlarına təhsil vermək əvəzinə 14-15 yaşına çatan kimi ərə versinlər.
Bu gün sərbəst şəkildə yeniyetmə qızlar kompüter texnologiyalarından, son model telefonlardan istifadə edirlər. Yazıb-oxuması yoxdur, amma nə olsun? Bəziləri kompüter arxasında yaşına uyğun olmayan hərəkətlərlə məşğuldur. Hətta vaxtından tez böyüməsini sürətləndirir, ərə getmək həvəslərini artırırlar. Məsələnin əsas səbəbkarı isə uşağın özü ilə birlikdə valideynləridir.
Qızların erkən yaşda təhsildən yayınması halı adətən bölgələrdə qeydə alınırdı. Ancaq bölgələrlə yanaşı, paytaxt ərazisində də bu fakta rast gəlinir. Bakının Sabunçu rayonu Maştağa qəsəbəsinin Seyidlər məhəlləsində qızların məktəbdən yayınma halları var. Kənd sakinləri qızlarını məktəbə göndərməyə ehtiyat edirlər. Onlar bunu həm də adət-ənənələrlə əlaqələndirirlər, deyirlər ki, məktəbə gedən qızların ata-anaya qarşı fikri dəyişir.
“Seyidlər” məhəlləsinin sakinləri etiraf edirlər ki, qızları məktəbə buraxmırlar. Qızlar yalnız 3-4-cü sinfədək məktəbə gedə bilir.
Qeyd edək ki, “Seyidlər” məhəlləsinə yaxın ərazidə yerləşən 209 saylı tam orta məktəb mövcuddur. Maraqlıdır, 209 saylı məktəb qızların təhsildən yayınması ilə bağl nə kimi işlər görür?
209 saylı məktəb - Xatirə Cabbarova: “Qızların təhsildən yayınmasının qarşısını almaq üçün evlərə gedib söhbət aparırıq”
Məktəbin Təlim-tərbiyə işləri üzrə direktor müavini Xatirə Cabbarova bildirdi ki, hələ də təhsildən yayınan qızlar var: “Əvvəllər daha çox idi. İndi əvvəlki kimi olmasa da, müəyyən qədər problemlər qalır. Ərazi elədir ki, ata, əmi icazə vermir, nənə qoymur. Xasiyyətləri belədir. Məktəbə gedən qız bəzi ailələrdə gəlin namizədi kimi qəbul edilmir. Bəzən oğluna qız bəyənən analar gəlib məndən də fikir öyrənirlər. Deyəndə ki, yuxarı siniflərdə məktəbə az gəlirdi, görürəm razı qalırlar. Oğlanlar özləri də məktəbə getməyən qızlarla evlənmək istəyirlər. Bunlarda fikir budur ki, qız evdə oturmalıdır. Evdən bayıra çıxmaq olmaz”.
X.Cabbarovanın sözlərinə görə, qızların təhsildən yayınmasının qarşısını almaq üçün evlərə gedib söhbət aparırlar: “Biz ailələri tanıyırıq. Evdə daha çox kimin sözü keçir, onunla söhbət edirik. Burdakılar dindardır, söhbət zamanı fikirlərindən daşındırmaq üçün onların inanclarından da istifadə edirik”.
Nizami Hüseynov: “Kənd məktəblərində qızların təhsildən yayınması daha çox mental dəyərlərlə əlaqəlidir”
Təhsil eksperti Nizami Hüseynov bildirdi ki, kənd məktəblərində qızların təhsildən yayınması daha çox mental dəyərlərlə əlaqəlidir: “Bir sıra rayon və kəndlərdə qız uşaqlarını oxutmaq istəməyən valideynlər onları yuxarı siniflərdə məktəbə buraxmağı faydasız hesab edir. Qızların təhsildən yayınmasının qarşısını almaq məqsədilə məktəb rəhbərliyi və aidiyyəti qurumlar konkret addımlar atmalıdır”
Günel CƏLİLOVA