Ölkəni intiharlar dalğası bürüyüb. Son vaxtlar intiharların yaşı xeyli aşağı düşüb. Bu dalğa artıq yeniyetmələri əhatə edir. Bunun geniş arealı əhatə edəcəyi və yeniyetmələr arasında ciddi artıma səbəb olacağı da səslənən versiyalar sırasındadır. Bunu yaradan səbəblərə və ümumi mənzərəyə keçmədən öncə son günlərin intihar hadisələrinə nəzər yetirək.
10 mart 2021-ci il tarixdə Abşeron rayonunda iki məktəbli qız - 2005-ci il təvəllüdlü Quliyeva Mətanət Elşən qızı və 2004-cü il təvəllüdlü Səmədova Əfruz Rafiq qızı birgə doqquzmərtəbəli binanın damından özlərini ataraq intihar edib, 31 yanvar 2022-ci il tarixdə Qaradağ rayonu Lökbatan qəsəbə sakini 16 yaşlı Möminə Xəlil qızı Qəribli yaşadığı evdə özünü asaraq intihar edib. Bu günlərdə Ucarda III sinif şagirdi Zəhra Əzizova intihara cəhd edib.
Qeyd etdiyimiz kimi, son vaxlat məktəbli qızlar arasında intihar etmə və ya intihara cəhd etmə faktı artıb. Yeniyetmə qızlar arasında intiharın artmasının səbəbi kimi onlara şantaja məruz qalması və ya müxtəlif sektaların qurbanı olmasıdır.
“İnsanları intihara sövq eləyən amillərdən biri də dini sektalar, missioner təşkilat və qrupların fəaliyyəti ilə bağlıdır”
Psixoloq Könül İsmayılova bildirdi ki, məktəb psixoloqlarının demək olar ki, böyük əksəriyyəti öz işlərinin öhdəsindən bacarıqla gələ bilmirlər: “Müəllim və şagirdlərin, eləcə də şagirdlərin bir-biri ilə düzgün formada ünsiyyəti, davranışı haqda işlər aparılmır. Qeyd edim ki, adətən məktəb yaşlı uşaqlar daha həssas, hətta kobud şəkildə desək, qəddar, dözümsüz olurlar. Yəni bir-birilərində nəsə səhv davranış olduqda bağışlamır, lağa qoyur, ələ salır, nəticədə qarşı tərəf ağır psixoloji problem yaşaya, hətta intihar həddinə gəlib çata bilərlər. Buna görə də belə vəziyyətlərdə faktiki olaraq onlara köməklik göstərən şəxslər lazımdır. Bu missiyanı təkcə psixoloqların üzərinə qoymaq olmaz, valideyn də mütəmadi olaraq övladlarının davranışlarını analiz etməli, maraqlanmalıdır. Əgər sorğu keçirsək, məlum olacaq ki, bir çox valideynlərin öz uşaqlarının davranışlarından, üzləşdiyi problemlərdən xəbəri yoxdur. Eləcə də müəllimlərin əksəriyyəti öz fənnini keçməklə işini bitmiş hesab edir.
Ümumiyyətlə, intihara daha çox qızlar meyilli olurlar. Qızların bu prosesdə itirəcəkləri çox olur. Burada ailə, qonşular, yaxınları qarşısında müəyyən narahatçılıqlar yaşanır. Bunların fonunda ailənin qızın üstünə gəlməsi daha da problemlər, təzyiqlər yaratmağa başlayır ki, bu da psixoloji təsir və zərbədir. Təbii ki, oğlanlar bu cür qınaq obyektinə çox da tuş gəlmirlər. Digər bir tərəfdən azyaşlı qızlar daha çox sevgi, eşq mövzusunda kimlərinsə təsiri altına düşə bilir və bu daha çox şantaj xarakterli hərəkətlərə gətirib çıxarır. Bunlar valideyn-övlad münasibətlərinin yetərli səviyyədə olmaması, təlim-tərbiyə istiqamətində fəaliyyət göstərən qurumlar tərəfindən uşaqlara diqqətin az olmasından da irəli gəlir. Ümumiyyətlə, intihar hadisəsi cinayətdir. Belə bir halda insanı intihar həddinə çatdırma da gözdən qaçmır və cinayət hesab olunur. Bu işi ilkin olaraq araşdıran hüquq-mühafizə orqanları, müstəntiqlərdir. Bu istiqamətdə rayonlarda ərazilər üzrə buna diqqət edəcək qəyyumluq komissiyalarında təmsil olunan qurumların nümayəndələri var. Öncədən belə intiharların qarşısını almaq üçün həmin komissiyaların işini gücləndirmək, səlahiyyətlərini artırmaq, aidiyyəti qurumların əməkdaşlığını təmin etmək, ya da bunların hamısını eyni quruma yığaraq bir istiqamətdə problemə çarə axtarmaq olar”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, yeniyetmə psixologiyasından qaynaqlanan müxtəlif psixoloji problemlər var: “Məsələn, yeniyetmənin şəxsiyyəti formalaşır və o istəyir ki, onu bir şəxsiyyət kimi dəyərləndirsinlər, onun fikirlərinə hörmət etsinlər. Yeniyetmə ailədə və cəmiyyətdə bir fərd kimi qəbul olunmaq istəyir. O, damğalanmağı, ona söz deyilməsini istəmir, söz deyilsə belə əsaslı şəkildə deyilməlidir. Ona görə də çox xahiş edirəm ki, valideynlər diqqətli olsunlar. Problem məktəbdən qaynaqlanırsa, bununla bağlı məktəb rəhbərləri əlaqədar qurumlara müraciət etməlidirlər ki, məsələnin həlli istiqamətində addımlar atılsın”.
Psixoloqun sözlərinə görə, yeniyetmə qızlar bilmədən hansısa sektonın üzvü olur. İnsanları intihara sövq eləyən amillərdən biri də dini sektalar, missioner təşkilat və qrupların fəaliyyəti ilə bağlıdı. Bəzən yarı yolda qalan gənc etdiyi səhvi anlayır, lakin düşdüyü vəziyyətdən geriyə yol tapa, hər şeyi yenidən başlaya bilmir və çıxış yolunu özünəqəsddə görür.
Günel CƏLİLOVA