Lerik rayonu, Conu kəndi Talış dağların ətəyində yerləşir. Bu yerlərin qışı çox sərt keçir. Qışın şaxtası bir yanı qalsın, kənd gözdən, könüldən uzaq düşdüyü üçün sosial problemləri başından aşır. Daha dəqiq desək sovet dağılanı bu dağlar diyarı da unudulub. Məhz çətin, ağrılı-acılı gün-güzəran üzündən Conunun yarısı boşalmışdır. Kənddə qalıb yaşamaq zülmdür. İndinin özündə isə qışın şaxtasından salamat çıxmağa ümid verən heç nə yoxdur.
Bir balaca qar yağan kimi Conu kəndinin yolları bağlanır. Elektrik enerjisinin tez-tez kəsilməsi burada adi haldır. İctimai nəqliyyatın yoxluğu, mütərəqqi üsul hesab olunan bankomatın meydana çıxması conuluları iflic edib. Qısa desək, Azərbaycan vətəndaşının yaşadığı Conuda insan amilinə xidmət edən sosial qayğı yoxdur. Necə deyərlər, respublikamızda gedən inkişaf sanki buraya aid deyildir. Qışın şaxtasında camaat evlərini isitməkdən ötrü daha böyük əziyyət qarşısında qalır. Əvvəllər yanacaq odunla vəziyyətdən çıxmaq olurdu. Necə ki, bu ucqar dağ kəndinə qazın çəkilməsi haqqında söz düşdü odunun qiyməti on qat qalxdı. Həmin vaxtdan yeddi il keçsə də, conuluların qaz arzusu reallaşmır ki, reallaşmır. Heç olmasa şaxtalı günlərdə evini isitməyə kənddə çox adamın indi qızıl qiymətinə odun almağa gücü çatmır. Həm də bu gedişlə adamın inanmağı gəlmir Conuya iki-üç ilə “mavi qaz” çəkilsin. Belə olduğu halda ümid yalnız Uca Tanrıya qalır...
Zəfər ORUCOĞLU, Azərbaycan Jurnalistlər Birliyinin üzvü.