Son vaxtlar Lerik rayonunun kəndlərinə yaxın olan yamaclar, dərə kənarları, su hövzələrini, eləcə mal-qaranın otlaq salarını heç bir icazə olmadan ayrı-ayrı adamlar tərəfindən çəpərə salmaq adi bir hal alıb.
Beş-alti nəfərin naqis əməli bütöv bir kənddə narazılıq yaradıb. Dəhşət odur ki, bu çəpər həvəskarları heç kimi eşitmir, özlərini qamarladığı ərazilərin külli-ixtiyar sahibi hesab edirlər. Həm də canlı aləmə qənim kəsənlərin gözü gördüyü işlərdən doymur, günbəgün çəpərlərin sayının artırırlar.
Dediyim vəziyyət rayonun dağ kəndləri olan Daster, Hovil, Ləkər və Aküşəpeştədə daha təhlükəli şəkildədir. Bu kəndlərdə hətta gediş-gəliş yollar belə tutulub. Çəkilən çəpərlər qardaşı-qardaşa düşmən etsə də, nadanlığa son qoyulmur. Çəpərli torpaqlar qonşu kəndləri də üz-üzə qoyub.
Bir misal. Bradi və Aküşəpeştə kəndləri qonşudurlar. Onları bir-birindən bir çay ayırır. Kəndlərin mal-qarası həmişə eyni örüşdə otlayıb. İndi 3-4 aküşəpeştəli çayın kənarını elə çəpərə salıb ki, qonşu kəndin mal-qarası su içməyə belə buraya düşə bilmir. Özü də çəpərləmə zamanı yüzlərlə cavan-cavan ağacın ömrünə son qoyulub. Bu insanlar arasında soyuqluq yaratmaqla, həm də təbiətə ziyandan başqa bir şey deyil.
Lerikin adlarını yuxarıda çəkdiyim kəndlərdə çəpərə salınmış bulaqlar, meşəliklər çoxdur. Bütün kənd adamlarına məxsus olan təbiətin yetirdiyi bu tükənməz nemətləri bir-ikin nəfər dədə malı kimi talayır. Rayonun əlaqədar təşkilatlar vəziyyətlə tanış olsalar da, baş alıb gedən ədalətsizliyə nədənsə son qoyan tapılmır. Nəticədə insanlar arasında düşmənçiliklə bərabər, təbiətə qarşı amansızlıq da baş alıb gedir...
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü