Sosial şəbəkələrdə Bakıda 17 nömrəli tam orta məktəbdə müəllimin şagirdlər tərəfindən döyülməsi ilə bağlı məlumat yayılıb. Məlumatda qeyd olunur ki, döyülən müəllim həmin məktəbdə ingilis dili fənnini tədris edir. Qeyd olunan hal ictimaiyyətdə ciddi rezonans doğurub.
Məsələ ilə bağlı adıçəkilən məktəblə əlaqə saxladıq. Məktəbdən bildirildi ki, təhsil müəssisəsində müəllimin şagirdlər tərəfindən döyülməsi ilə bağlı sosial şəbəkələrdə yayılmış məlumatlar əsassızdır: “Ümumiyyətlə, 17 nömrəli tam orta məktəbdə 21 yaşlı ingilis dili müəllimi fəaliyyət göstərmir. Məktəb və müəllim haqqında əsassız məlumatların yayılması təhsilə xüsusi önəm verən Azərbaycan cəmiyyətinin prinsiplərinə uyğun olmayan hallardandır”.
Nizami Hüseynov: “Şagirdin müəllimə əl qaldırması və ya səs tonunu yüksəltməsi düzgün deyil”
Təhsil eksperti Nizami Hüseynov bildirdi ki, məktəblilər, xüsusən də yuxarı sinif şagirdləri arasında aqressivlik geniş yayılıb və get-gedə artmaqdadır. Aqressiv davranışlara səbəb bioloji, psixoloji və sosioloji amillərdir: “Bu halların yaranmasının başlıca səbəblərindən biri ailədaxili problemlərdir. Atanın anaya şiddət tətbiq etməsi uşağa psixoloji cəhətdən mənfi təsir göstərir. Nəticədə də uşaq həmyaşıdları ilə münasibətdə aqressiv davranışlar nümayiş etdirir. Yaşadığı psixoloji gərginlik səbəbindən uşaq ətrafındakı insanlarla kobud davranmaq, dava etmək istəyir. Ailədaxili münasibətlərin necə olması, valideynlərin göstərdiyi münasibət, diqqət, qayğı yeniyetməlik dövründə olan uşaqlar üçün çox vacibdir. Çox zaman yeniyetmənin aqressiv davranışına valideynlərin ona qarşı sərt cəza növlərini seçmələri də səbəb olur. Ailədə fiziki zorakılıqla üzləşən, şiddət görən, qayğıdan, diqqətdən, valideyn sevgisindən uzaq yeniyetmədə ətrafdakılara qarşı mənfi münasibət, aqressiv hisslər yaranır”.
Ekspertin sözlərinə görə, şagirdin müəllimə əl qaldırması və ya səs tonunu yüksəltməsi düzgün deyil: “Tərbiyə, təhsil və təlim prosesləri birlikdə vəhdət təşkil edir. Bunların hər üçü birlikdə şəxsiyyətin inkişafına xidmət edir. Təlim prosesi tərbiyə funksiyasını yerinə yetirdiyi kimi, tərbiyə prosesi də təlim prosesinə öz təsirini göstərir. Əvvəllər hər bir məktəbdə “Əxlaq kodeksi” və “Ədəb qaydaları” guşələri yaradılardı. Şagirdlərin fənlər üzrə rüblük qiymətləndirilməsi ilə yanaşı yarımillik əxlaq qiymətləndirilməsi həyata keçirilərdi. Düzdür, sonralar “əxlaq” sözü “davranış” ifadəsi ilə əvəz edildi. Bununla belə, davranışla əlaqədar olan, ailə və cəmiyyət üçün faydalı hesab edilən əxlaqi keyfiyyətlərin gənc nəsildə məqsədyönlü, planlı və mütəşəkkil formalaşdırılması ilkin tərbiyənin qayəsini təşkil edirdi. Yuxarı siniflərə qalxdıqca tərbiyənin digər tərkib hissələri mənəvi tərbiyə, vətənpərvərlik tərbiyəsi və s. mərhələlər üzrə formalaşdırılaraq inkişaf etdirilirdi. Bu gün də biz yaxşı vətəndaş yetişdirmək üçün savaddan çox uşaqların əxlaqi baxımdan yetişməsinin qayğısına qalmalıyıq”.
Günel CƏLİLOVA